Oktyabrın 9-dan 13-dək Aşqabadda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa regionunun gömrük işçiləri üçün peşə etikasının inkişaf etdirilməsi üzrə regional seminar keçirilir.
AZƏRTAC ÜGT-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, Ümumdünya Gömrük Təşkilatının təşəbbüsü və Türkmənistan Dövlət Gömrük Xidməti və Koreya Gömrük Əməkdaşlığı Fondunun dəstəyi ilə təşkil olunan seminar 14 ölkədən 20-dən çox gömrük işçisini bir araya gətirib.
Seminarın məqsədi yenidən nəzərdən keçirilmiş Aruşa Bəyannaməsinin icra edilməsinin vacibliyi barədə məlumatlılığı artırmaqla, ÜGT-nin Avropa regionuna üzv ölkələrin gömrük idarələrinin əməkdaşları arasında işə vicdanla yanaşmağın yaxşılaşdırılmasıdır.
Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Almaniya, Gürcüstan, Serbiya, Albaniya, Bosniya Və Herseqovina, Kosovo, Monteneqro, Şimali Makedoniya, Moldova gömrük idarələrinin nümayəndələri, eləcə də ÜGT ekspertləri regional səviyyədə məsuliyyətlik üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyini və ticarətin təşviqində onların əsas rolunu müzakirə edirlər.
Seminar zamanı müxtəlif ölkələrin gömrük idarələri şəffaflıq və proqnozlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə milli təcrübələrini və yenidən nəzərdən keçirilmiş Aruşa Bəyannaməsinin icrası zamanı əldə olunan irəliləyişləri bölüşə biləcəklər. Həmçinin iştirakçılar və ekspertlər gömrük idarələrində şəffaflığın və proqnozlaşdırılmanın təşviqi üzrə konkret təşəbbüslər barədə fikir mübadiləsi aparacaqlar.