Çin Xalq Respublikasında “The third Music Education Alliance Across the Belt and Road Conference” adlı beynəlxalq konfrans keçirilib. Konfransda ali musiqi ocaqları arasında Böyük İpək yolunu əhatə edən ölkələr – Çin, Vyetnam, Tayland, Kamboca, Hindistan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Monqolustan, Qana və Almaniyadan olan mütəxəssislər təmsil olunub.
AZƏRTAC xəbər verir ki, beynəlxalq konfransda ölkəmizi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dekanı, Əməkdar müəllim, professor Nəzakət Rimazi təmsil edib.
Zəngin proqramı özündə ehtiva edən konfransda iştirakçılar müxtəlif tədbirlərdə, ustad və açıq dərslərdə, mühazirələrdə iştirak ediblər. Onlar, həmçinin milli geyimlərin, milli musiqi alətlərinin nümayiş olunduğu konsertdə Çin xalq ənənəvi musiqi nümunələri ilə yaxından tanış olublar.
Musiqili gecədə Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının professoru Gülnaz İsmayılova və Nəzakət Rimazi uğurla çıxış ediblər.
N.Rimazi, həmçinin Çin telekanallarına konfrans haqqında təəssüratlarını bölüşüb.