Azərbaycan dilçiliyi, lüğətçiliyi və bu sahədə nəşr edilən kitablar nəinki elmi ictimaiyyətin, bütövlükdə cəmiyyətin diqqət mərkəzində olur. Belə nəşrlərdən razı qalanlar da olur, qalmayanlar da. Digər tərəfdən, Azərbaycan dilinin tətbiq edildiyi sahələrdə dilimizin qayda-qanunlarına riayət edənlər də olur, etməyənlər də. AZƏRTAC-ın müxbirinin AMEA-nın 80 illik yubileyi çərçivəsində Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli ilə söhbətində bu məsələlərə nəzər salınıb. İnstitutun direktoru müasir dövr lüğət yaradıcılığında imkanlara və problemlərə toxunub, onların aradan qaldırılması yollarını izah edib.
“Dilimizə təsir edən amillərdən biri publisistikadır. Çünki hamı nə elmi üslubda, nə də bədii üslubda yazmır. Bizim üçün açıq olan, ən çox istifadə etdiyimiz publisistik üslubdur. Dilə nə ziyan gəlirsə, elə publisistik üslubdan gəlir. Yad sözlər dilə əsasən publisistikadan keçir, onu korlayır. Digər tərəfdən, mesajlaşmalar, ayrı-ayrı saytlarda yazılanlar – bunların da təsiri danılmazdır. Necə deyərlər, kimin qulağına hansı söz xoş gəlirsə, onu yazır. Bu baxımdan bugünkü yazılı nitq dilimizə ziyan vurur. Gərək bunlardan ehtiyatlı olaq”, – deyə professor bildirib.
Bu gün dilimizə əcnəbi dillərdən kifayət qədər sözlər keçir
Professor Nadir Məmmədli vurğulayıb ki, dilimizin tətbiq edildiyi sahələrdə əcnəbi sözlər yeri gəldi-gəlmədi işlədilir: “Reklamlarda, binaların, şadlıq evlərinin, mağazaların adlarında Azərbaycan dilindən başqa nə istəsən görmək olur. Çox təəssüf edirəm”.
İnstitutun direktoru xatırladıb ki, keçən ildən üçcildlik “Türkmənşəli arxaizmlər lüğəti”nin nəşrinə başlanılıb: “Vaxtilə işlək olmuş bu sözlər bizim üçün xüsusi əhəmiyyətlidir. Nəyə görə? Bu gün dilimizə əcnəbi dillərdən kifayət qədər sözlər keçir. Ancaq biz arxaik sözlərimizi lüğətdə tapanda dilimizin necə zəngin olduğunu görürük. Bu sözləri işlətsəydik nə olardı, mütləq gərək ingilis dilindən götürək?”.
Professor Nadir Məmmədli əcnəbi dillərdən keçən terminlərə də diqqət çəkib. Onun sözlərinə görə, institutun Terminologiya şöbəsinin jurnalının hər nömrəsinin sonunda sözlərin siyahısı verilir: “Bu, dilimizdə işlədilən əcnəbi sözlərin qarşılığı olaraq təklif edilən sözlərdir. Əgər xalq bunu qəbul edirsə, bunu işlədəcəyik. Onu da deyim ki, professor Sayalı Sadıqova Azərbaycan terminoqrafiyasının konseptual əsaslarını yazıb”.
Yeni Orfoqrafiya lüğəti üçün artıq 180 min söz hazırdır
“Son vaxtlar institutumuzun gördüyü ən böyük iş AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin dəstəyi ilə yeni Orfoqrafiya lüğətinin hazırlanmasıdır. Yüksək texnologiyaların cəmiyyət həyatına geniş nüfuz etdiyi bir dövrdə lüğət yaradıcılığında da bu imkanlardan bəhrələnmək mümkündür. İndi o zaman deyil ki, kartoçka ilə lüğət hazırlayaq, qəzetlərdən bir-bir söz tapaq. Bu baxımdan mənim təklifimlə AMEA rəhbərinin dəstəyi sayəsində bu işə Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutundan iki əməkdaş cəlb edildi. Digər tərəfdən, “Xalq qəzeti”, “Azərbaycan”, “Səs”, “Ədəbiyyat” qəzetlərinin 10-15 illik PDF-lərini əldə etdik. Həmin əməkdaşların köməyilə xüsusi proqramlar hazırlandı, bizim dilimizdə olan sözlərin bazası yaradıldı. Təqribən 520 milyon söz və söz forması tapdıq. Əlbəttə, burada təkrarlar çoxdur. Bunlar hamısı yeni deyil. İndi bunlar emal edilir, – məsələn, sözdüzəldici şəkilçili sözlər hansılardır – bu, bizə lazımdır, lakin sözdəyişdirici şəkilçili sözlər lazım deyil. Beləliklə, dilimizdə olan sözlərin bazasını yaratdıq. Deyirlər ki, dünyada 60 milyon azərbaycanlı yaşayır. Bu qədər sayı olan xalqın dilindəki sözlər 80 min olar? Mümkün deyil.
İnstitutumuzda kompüter dilçiliyi şöbəsinin, eləcə də texnologiyanı bilən digər əməkdaşları bu işə cəlb etmişik. Bu gün artıq əlimizdə 180 min söz hazırdır. Əlbəttə ki, təkrar gedən sözlər çıxarılır”, – deyə direktor bildirib.
Yeni orfoqrafiya lüğətinin bəzi məqamları
Professor Nadir Məmmədli yeni orfoqrafiya lüğəti ilə bağlı bəzi məqamları da açıqlayıb: “Bilirsiniz ki, orfoqrafiya düzgün yazı qaydalarıdır. Məsələn, indiyədək lüğətdə “getmək” sözü var, “get” sözü yoxdur. Bir də var xəfif məsdər olan “getmə” sözü. Deməli, “getmək”, “gedin”, “getmə” – var. Bunların bəziləri lüğətdə var, bəziləri yoxdur. Biz müəyyən etdik ki, nəyi vermək olar, nəyi yox.
Azərbaycan dilində vurğu sözün son hecasına düşür. Əcnəbi dillərdən keçən sözlərə lüğətdə vurğuları qoyacağıq ki, düzgün tələffüz bilinsin. Məsələn, “akademik” sözündə vurğunun üçüncü, yaxud dördüncü hecaya düşməsi ilə məna da dəyişir. Təbii ki, lüğətdə sözlərin sayının süni surətdə artmasına imkan verməyəcəyik.
Məlumdur ki, apostrofu yazıdan çıxarmışıq. Lakin klassik ədəbiyyatdan istifadə edənlərin, dil tarixi mütəxəssislərinin buna bəzən ehtiyacı olur. Bu baxımdan akademik Rafael Hüseynov bizə kömək etdi. O, klassik ədəbiyyatda işlənən bütün apostroflu sözləri seçdi, siyahısını bizə təqdim etdi. Biz bunu lüğətdə ayrıca verəcəyik.
Türk dillərinin xarakterik xüsusiyyətinə görə, sözün kökü dəyişmir. Şəkilçi ona doğru gedir. Lakin sözün kökü də dəyişə bilər. Külək sözü hal şəkilçisi qəbul edəndə “k” hərfi “y”ya keçir. Yeni lüğətdə hansı sözlərin kökünün dəyişdiyini göstərəcəyik.
Yaxşı bir işgüzar heyət seçmişik. Çox güman ki, yeni lüğəti sentyabra qədər bitirəcəyik və ictimaiyyətin müzakirəsinə verəcəyik. Əlbəttə ki, iradlar da ola bilər; xüsusən sözün kökünün dəyişməsinə. Başqa yeniliklər var, demirəm, çünki o bizim sirrimizdir, qalsın”.
Azərbaycan sözlərinin başqa dillərdə tələffüzü və əcnəbi dillərdən alınma sözlərin dilimizdə tələffüzü problemləri
Professor Nadir Məmmədli bildirib ki, dilimizdə olan yer adları əcnəbi dillərdə başqa cür tələffüz edilir: “Əlbəttə ki, dünya transkripsiyasında ənənəni nəzərə alırıq. Lakin elə səslər var ki, qarşıdakı dildə də mövcuddur. Məsələn, “Qarabağ” sözündə olan “q” səsi rus dilində də var. Lakin “k” ilə tələffüz edilir. “Mərdəkan” adı niyə rus dilində “Mardakyan” yazılmalıdır? Bu tip xeyli sözlər var. Dilçilik İnstitutu olaraq Azərbaycanda inzibati-ərazi vahidlərinin ruscada düzgün yazılışı haqqında ayrıca kitab buraxdıq və səfirliklərə də payladıq.
Sovet dövründə bir çox sözlər dilimizə rus dili vasitəsilə keçib. Məsələn, “xokkey” sözü. Sözün birinci hərfi orijinalda “x” deyil, “h”dir. Rus dilində “h” səsi olmadığı üçün onlar bunu “x” ilə veriblər, biz də eynən götürmüşük.
Orfoepiyanı da artıq hazırlamışıq. Gələn həftə iş bitir. Sonuncu dəfə biz ona baxacağıq. Yaxın vaxtlarda onu da çap etdirəcəyik”.
Qeyd edək ki, dilçiliyin onomastika bölməsi xüsusi tədqiqat sahəsidir. Dilçilik İnstitutunda 2022-ci ildə yaradılmış Toponimika şöbəsi respublikamızın ərazisinin onomastik mənzərəsinin bərpası, adların müəyyənləşdirilməsi məsələləri ilə məşğuldur.
Xatırladaq ki, 2013-cü ildə qəbul edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın müddəalarından biri də Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsidir. Bu baxımdan Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin hazırlamış olduğu “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” (2015) “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” (2022) fundamental nəşrlərdir. Hazırda isə Qərbi Azərbaycan dialektoloji atlası üzərində işlər davam edir.
“Qərbi Azərbaycandan gəlmiş insanlardan yaşlın nəslin nümayəndələrindən bir çoxu dünyasını dəyişib. Qalanları ilə görüşdük, bir-bir toponimləri topladıq. Xalq etimologiyasından, mənbələrdən də istifadə etdik. Birinci cildi artıq hazırdır”, – deyə müsahibimiz bildirib. O, həmçinin İraq-Kərkük onomastikasına dair kitab nəşrinin prlanlaşdırıldığını deyib.
Ötən il Dilçilik İnstitutunun ən mühüm uğuru isə Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin 950 illiyinin UNESCO çərçivəsində qeyd edilməsi olub. Özbək əsilli Azərbaycan alimi, ötən əsrin 30-cu illərində SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında işləmiş Xalid Səid Xocayev məşhur “Divanü lüğat-it-türk” əsərini ilk dəfə ərəb dilindən Azərbaycan dilinə tərcümə edib. O, 1937-ci il repressiyasında güllələnib. Təhlükəsizlik orqanları evində axtarış aparan zaman “Divan” üzə çıxmayıb, itmiş hesab olunub. Əsəri 86 il sonra – 2023-cü ildə professor Nadir Məmmədli institutun arxivindən tapıb.