Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində verdiyi bəyanat iki ölkə arasındakı strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi. Bu səfər təkcə diplomatik protokol xarakteri daşımır, eyni zamanda, regionun gələcək geosiyasi və iqtisadi arxitekturasına təsir edən mühüm mesajlarla zəngin idi. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Gürcüstan və Azərbaycan arasında münasibətlər tarixi köklərə əsaslanır. Əsrlər boyu xalqlar arasında formalaşmış dostluq və qardaşlıq ənənələri bu gün dövlətlərarası əməkdaşlığın əsasını təşkil edir. Bu amil iki ölkənin əlaqələrini digər regional münasibətlərdən fərqləndirən mühüm xüsusiyyətdir. Tarixi yaxınlıq yalnız mədəni səviyyədə deyil, siyasi və iqtisadi müstəvidə də özünü göstərir. Bugünkü reallıq ondan ibarətdir ki, həm Azərbaycan, həm də Gürcüstan müstəqil dövlətlər kimi dinamik inkişaf edir.
Bu sözləri AZƏRTAC– a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
O bildirib ki, Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini müdafiə edir. Bu prinsip regional təhlükəsizliyin qorunmasında mühüm rol oynayır və tərəflər arasında yüksəksəviyyəli etimadı nümayiş etdirir. İqtisadi əməkdaşlıq sahəsində də mühüm nailiyyətlər əldə olunub. Son illərdə ticarət dövriyyəsinin artması, xüsusilə 800 milyon dolları keçməsi və yaxın gələcəkdə 1 milyard dollara çatmaq perspektivi iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini göstərir. Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına yatırılan 3,7 milyard dollarlıq sərmayə isə strateji tərəfdaşlığın real göstəricisidir.
Energetika sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran deputat deyib: “Azərbaycan qazının 16 ölkəyə ixrac edilməsi və bu ixracın məhz Gürcüstandan başlaması bu ölkənin regiondakı tranzit rolunu daha da gücləndirir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr regionun enerji xəritəsini dəyişdirən əsas amillərdən biridir. Bununla yanaşı, nəqliyyat sahəsində də mühüm addımlar atılıb. Orta Dəhliz layihəsi Azərbaycan və Gürcüstanın geoiqtisadi rolunu artıraraq onları Avropa ilə Asiya arasında əsas tranzit mərkəzə çevirir. Bu dəhlizin genişləndirilməsi istiqamətində aparılan işlər regionun iqtisadi potensialını daha da artıracaq”.
Şahin Seyidzadə əlavə edib ki, region artıq münaqişə zonasından əməkdaşlıq və sabitlik məkanına çevrilməkdədir. Bu transformasiya həm regional, həm də qlobal təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır. “Tbilisi səfəri zamanı, xüsusilə Azərbaycan-Ermənistan münasibətləri kontekstində sülh prosesinin əhəmiyyəti vurğulandı. Prezident İlham Əliyev bildirdi ki, sülh yalnız sənədlərlə deyil, real əməkdaşlıqla möhkəmlənməlidir. Bu baxımdan ticarət əlaqələrinin qurulması və genişləndirilməsi əsas vasitələrdən biridir. Gürcüstanın bu prosesdə oynadığı rol xüsusi qeyd olundu. Azərbaycan və Ermənistan arasında müəyyən iqtisadi əlaqələrin Gürcüstan vasitəsilə həyata keçirilməsi bu ölkənin regional vasitəçi və sabitləşdirici rolunu nümayiş etdirir. Ümumilikdə səfər zamanı verilən mesajlar göstərir ki, Azərbaycan-Gürcüstan münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də geniş regional kontekstdə mühüm əhəmiyyət kəsb edir. Bu münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulub. Perspektivlər baxımından isə yeni layihələrin həyata keçirilməsi, investisiya imkanlarının genişləndirilməsi və regional əməkdaşlığın dərinləşdirilməsi əsas prioritetlər kimi çıxış edir. Bu baxımdan Prezident İlham Əliyevin səfəri strateji baxımdan mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər”, – deyə Milli Məclisin deputatı qeyd edib.
