Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi mühüm yer tutur. Respublikamız regionda əməkdaşlığın möhkəmlənməsi istiqamətində böyük səylər göstərir. Azərbaycanın müstəqillik tarixində sıx partnyorluq və strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu dövlətlərdən biri də Gürcüstandır. Bu istiqamətdə Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri əlaqələrin daha da inkişafı baxımından böyük önəm daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı yalnız iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. “Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə, sadəcə, qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Azərbaycanla Gürcüstan arasında enerji sektorunda nümunəvi əməkdaşlıq münasibətləri formalaşıb. Hər iki ölkə bu sahədə fəaliyyətlərini daim uzlaşdırırlar. Eyni zamanda, son illərdə Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır”, – deyə deputat vurğulayıb.
Sevinc Fətəliyeva hər iki ölkənin prezidentlərinin görüş zamanı Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını qeyd etdiklərini xatırladıb: “Görüşdə əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Həmçinin Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu da vurğulanıb. Dövlətimizin başçısının Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündə də qarşılıqlı-faydalı müzakirələr aparılıb”.
Ölkələrimiz arasında humanitar və mədəni sahələrdə də geniş əməkdaşlığın mövcud olduğunu diqqətə çatdıran deputat əlavə edib: “Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Gürcüstan Milli Muzeyini ziyarət etməsi və onun fəaliyyəti ilə yaxından tanış olması mədəni-humanitar sahədə əməkdaşlığımızın göstəricisidir. Birinci xanım, həmçinin Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə də tanış olub. Əsas məqsədi mədəniyyətimizi və xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq və təbliğ etmək olan muzeydə bu ölkədə fəaliyyət göstərən müxtəlif muzeylərin fondlarından Azərbaycanın mədəni irsinə aid əşyalar tədqiq edilir, onların sərgiləri keçirilir”.
