Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfiri Emil Kərimovun bu ölkənin ədliyyə naziri və mənzil məsələləri üzrə dövlət naziri Faleh Abdullah Əl-Raqaba ilə görüşündə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüş əsnasında iki dost ölkə arasında iqtisadi, sosial və mədəni sahələrdə yeni layihələrin həyata keçirilməsi imkanları, qarşılıqlı səfərlərin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Küveytli nazirə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan bərpa-quruculuq işləri, ölkəmizin regionda dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq istiqamətində səyləri barədə geniş məlumat verilib.
Faleh Abdullah Əl-Raqaba bildirib ki, Küveyt dost ölkə olan Azərbaycan ilə əlaqələrin daha da möhkəmlənməsində maraqlıdır və özünün rəhbərlik etdiyi sahələr üzrə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Sonda küveytli nazirə Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın 100 illik yubileyləri ilə bağlı ərəb dilində çapdan çıxmış kitablar təqdim olunub.