Ümummilli Lider Heydər Əliyevin ideya və əməllərinin, dövlətçilik xəttinin ən layiqli davamçısı, çağdaş dünyanın tanınmış siyasi və dövlət xadimi İlham Əliyev 20 ildir ki, müstəqil Azərbaycan dövlətinə uğurla rəhbərlik edir. Bu müddətdə onun dövlət başçısı kimi həyata keçirdiyi məqsədyönlü siyasət və atdığı addımlar həm ölkəmizdə, həm də xaricdə daim yüksək qiymətləndirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin fəaliyyətinin 20-ci ildönümü ilə əlaqədar oktyabrın 17-də Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən “20 illik tarixin möhtəşəm zəfər salnaməsi” adlı konfransda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının sədri Natiq Allahverdiyevin “20 illik tarixin möhtəşəm zəfər salnaməsi” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, 20 il əvvəl – 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımızın Heydər Əliyev ideyalarına verdiyi dəyərin, bu siyasətə dəstəyinin aydın ifadəsi idi. İlham Əliyev prezidentlik fəaliyyətində həmişə xalqla bir olub, xalqın inam və etimadını qazanıb. Xalqımız isə sevimli rəhbərinə öz dəstəyini həmişə göstərib. İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin siması əsaslı şəkildə dəyişib, xalqımızın maddi-rifah halı yaxşılaşıb. İqtisadi inkişaf sürətinə görə indi Azərbaycan dünyanın qabaqcıl ölkələri sırasındadır.
Ötən dövr ərzində sosial-iqtisadi sahədə əldə olunan nailiyyətləri konkret faktlarla diqqətə çatdıran məruzəçi bildirib ki, son 20 ildə ölkəmizdə 2 milyondan çox iş yeri yaradılıb, işsizlik 40 faizdən 5 faizə, yoxsulluq 49 faizdən 5 faizə enib. Azərbaycan iqtisadiyyatı 4 dəfə artıb. Ümumi daxili məhsulun həcmi təqribən 80 milyard manata çatıb. Dövlət büdcəsi 1,2 milyard manatdan 36 milyarda yüksəlib. Ötən illərdə ölkə iqtisadiyyatına 275 milyard dollardan artıq investisiya qoyulub, Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 60 milyard dollar həddinə çatıb. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən 75-80 faizi Azərbaycanın payına düşür.
Konfransda çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bildirib ki, Prezident İlham Əliyevin siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək qabiliyyəti onu yeni əsrin yeni liderinə çevirib. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərə nail olub. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Qələbə qazanıb, işğal altında olan torpaqlarımız düşməndən azad olunub. Qarabağın tacı, döyünən ürəyi Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazılıb. Bu il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq, indi üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, işğaldan azad edilən digər şəhərlərimizdə qürurla dalğalanır və əbədi dalğalanacaq!
Sonra Qax şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Nazlı İsmayılova, rayon Statistika İdarəsinin rəisi Xəzri Məmmədov, Qax rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Elvin Həsilov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın son 20 ildə əldə etdiyi nailiyyətlərdən danışıblar.
Daha sonra YAP sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim edilib.
Konfransın sonunda Prezident İlham Əliyevə həsr edilən film nümayiş olunub.