Bu gün Azərbaycan və İspaniya arasında ikitərəfli münasibətləri gücləndirəcək və gələcək tərəfdaşlıqlar üçün katalizator olacaq əməkdaşlıq sazişi imzalanacaq.
“Report” xəbər verir ki, bu barədə İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi Mariya Amparo Lopes Senovilya Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumunda bildirib.
“Ümid edirik ki, bu gün imzalayacağımız saziş münasibətlərin möhkəmləndirilməsi üçün təməl, gələcək sazişlər və tərəfdaşlıq münasibətləri üçün katalizator olacaq. Belə tədbirlərin daha çox özəl şirkətlərin iştirakı ilə müntəzəm olaraq keçiriləcəyinə ümidvarıq”, – o qeyd edib.
Dövlət katibinin sözlərinə görə, bu forum iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün əla fürsətdir.
“İnanırıq ki, azərbaycanlı həmkarlarımız innovasiyaları tətbiq etməyə, uyğunlaşmağa və ən aktual sektorlarda liderliyi davam etdirməyə qadirdir. İspaniya hökuməti Azərbaycana dəstəyini davam etdirəcək”, – o bildirib.