Azərbaycanın iştirakı ilə Litvanın paytaxtı Vilnüsdə Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Nəqliyyat İdarəedilməsi Şurasının (TMB) 38-ci iclası keçirilib.
“Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, görüşdə BNF-yə üzv olan 66 ölkənin nəqliyyat sahəsinə cavabdeh olan nazirliklərinin yüksək səviyyəli nümayəndələrinin iştirak edib və iclasda nəqliyyat siyasətinin aktual məsələləri müzakirə edilib.
İclasda nazirliyin aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov və nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Beynəlxalq əməkdaşlıq şöbəsinin baş mütəxəssisi Elmar Sadiq iştirak edib.
İclas zamanı gündəlikdə olan digər məsələlərlə yanaşı, BNF-nin baş katibi Yanq Tae Kim təşkilatın prioritetləri üzrə görülən işlər barədə məlumat verib. TMB-də, həmçinin 2024-cü ilin iş proqramı və büdcəsi müzakirə edilib, BNF Sammitinin proqramı razılaşdırılıb.
“Qlobal şoklara qarşı nəqliyyat dayanıqlığının artırılması” mövzusunda keçiriləcək 2025-ci il Sammitinin planlaşdırılmasına başlamaq üçün İşçi qrupun ilk iclasına B.Məmmədov sədrlik edib. Növbəti gün o, bu barədə 38-ci iclasa hesabat verib.
Çilinin sədrliyi və Azərbaycanın sədr müavinliyi ilə keçiriləcək 2025-ci il Sammiti 2025-2027-ci illərdə dayanıqlı, inklüziv və xalis sıfır nəqliyyat sistemləri trilogiyasına fokuslanma təşəbbüsünü irəli sürüb.