Azərbaycan-Pakistan arasında qurulan körpülər, ictimai-siyasi, tarixi, ədəbi və dövlətçilik əlaqələrinin keçmişi uzaq zamanları əhatə edir. Bu əlaqələr xalqların özündən, varlığından, onun ortaq tarixindən, dilindən, bədii düşüncəsindən, etnogenezisindən, düşüncə mədəniyyətindən qaynaqlanır. Tarixən hər iki xalqın kökü, etnik düşüncəsi, qardaşlıq hissi onların bir qardaş qədər qohumluğunu, yaxınlığını şərtləndirir. Xalqları bir-birinə bağlayan, onları yaxınlaşdıran yalnız din, dil deyil, həm də siyasi, bədii düşüncədir. Minilliklərdən gələn islami düşüncə və təsəvvüf görüşləri bu gün hər iki xalqın çağdaş milli düşüncə arealını bütövləşdirən amildir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O bildirib ki, Pakistan-Azərbaycan arasında dayanan siyasi birliyin əsasında həm də tarixi, ədəbi-mədəni birlik durur: “Bu birliyi həm ümumtürk, həm də müsəlman kontekstində axtarmaq daha doğru olardı. Bu iki faktor uzun müddət pakistanlılarla türklərin ortaq mədəniyyətini formalaşdırmışdır. Eramızdan əvvəl və sonra Mərkəzi Asiya regionunda bir-birini əvəzləyən möhtəşəm türk dövlətləri kontekstində islam düşüncəsi hakim olmağa başlayır. Onu da demək lazımdır ki, indiki Pakistanın islamlaşmasında ən böyük pay sahibi Qəznəlilər və digər türk sülalələri olmuşdur. Zaman keçdikcə bu birgəliyə yeni dəyərlər əlavə olundu. Dövlətlərin yaranması və qarşılıqlı əlaqələri birliyi ən yüksək səviyyəyə qaldırdı. Məlumdur ki, din, etnik düşüncə və dövlətlərin birliyi bütövlükdə xalqların vəhdətini yaradır. Sovet dövründə Azərbaycan-Pakistan ədəbi əlaqələri özünün ən zəif dövrünü yaşayıb. Müstəqillik dövründə isə bu əlaqələr yüksələn xətlə, daha dinamik, daha intensiv şəkildə davam edib”.
1991-ci ildə Pakistanın müstəqilliyimizi tanıyan ilk ölkələrdən olduğunu vurğulayan müsahibimiz qeyd edib ki, üstəlik, Ermənistan torpaqlarımızı işğal etdiyi üçün Pakistan bu ölkəni dövlət kimi tanımayıb, daim Azərbaycanın yanında dayandığını sərgiləyib. Ən ağır zamanda, sınaq məqamında 44 günlük Vətən müharibəsi dövründə də Pakistan bir qardaş ölkə kimi siyasi və mənəvi dəstəyini əsirgəməyib, Qələbəmizə inamlı töhfə verib. Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana, bu il isə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfərləri iki ölkə arasında münasibətlərin inkişafına müsbət impuls verdi, bu münasibətin inkişafı və intibahı üçün daha perspektiv üfüqlər açdı, iqtisadi əməkdaşlığın yeni səhifələri imzalandı. Pakistanın Baş nazirinin ölkəmizə növbəti səfəri çərçivəsində olduqca mühüm sənədlər mübadilə edildi ki, bu sənədlər hər iki dost ölkənin arasındakı strateji əməkdaşlığı daha yüksəklərə daşıyacaq. Görüşlər çərçivəsində ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması istiqamətində müvafiq addımlar atılır. Əldə olunan razılaşmaların uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar açacağı şübhəsizdir. Həmçinin Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən Azərbaycan-Pakistan biznes forumu ölkələrimizin biznes dairələri arasında əməkdaşlığının genişləndirilməsi baxımından mühüm önəm daşıyır.
“Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Bu mühit, müasir infrastruktur Pakistandan olan şirkətlər üçün də diqqətçəkicidir. Əlbəttə, Pakistan özü də bu sahədə böyük təcrübəyə malikdir. Bu mənada, müdafiə sənaye sahəsində birgə istehsal müəssisələrinin yaradılması gələcək üçün böyük potensial, uğurlu perspektiv vəd edir.
Hökumətlərarası komissiyalarda və biznes-forumlarda qarşılıqlı investisiya imkanlarının müzakirə olunması ticari-iqtisadi münasibətlərin gücləndirilməsi baxımından gərəkli addımı ifadə edir. Önəmli məqam odur ki, səfər çərçivəsində mübadilə edilən sənədlər müxtəlif sahələri əhatə edir. Siyasi, iqtisadi, hərbi-müdafiə, humanitar və mədəni, energetika, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, təhsil və digər sahələrdə imzalanan sənədlər sözsüz ki, bu sahələr arasındakı əlaqələrin inkişafına yeni impuls verəcək, həmçinin ölkələrimiz arasında münasibətlərin dinamik inkişafını təmin edəcək.
Azərbaycan-Pakistan münasibətləri yeni reallıq və çağırışlar müstəvisində ortaq keçmişdən ortaq gələcəyə doğru addımlayır. Daha inamlı, daha tədbirli və daha güclü şəkildə”, – deyə E.Akimova fikrini yekunlaşdırıb.