Rumıniya Senatının Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil etdiyi uşaq festivalında Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə ölkəmiz təmsil olunub.
AZƏRTAC xəbər verir ki, fərqli yaş qruplarından olan uşaqlar üçün müxtəlif mövzularda “workshop”lar (“Yeni başlayanlar üçün Azərbaycan dili”, “Azərbaycan milli geyimləri”, “Azərbaycanın milli ornamentləri”) hazırlanıb. Uşaqlara Azərbaycan əlifbası, Azərbaycan və rumın dilində olan ortaq sözlər, dilimizdə ən çox istifadə olunan ifadələrin yazılışı və tələffüzü, milli geyimlərimizin tarixi və müxtəlif tipləri barədə məlumat verilib. Həmçinin buta, nar, Azərbaycan xalçaçılığının ornamentləri kimi milli dəyərlərimizin təqdimatı keçirilib.
Qeyd edək ki, festival ənənəvi şəkildə hər il Rumıniya Senatı tərəfindən yerli dövlət və qeyri-hökumət qurumları, həmçinin beynəlxalq təşkilatların əməkdaşlığı və dəstəyi ilə keçirilir. Çoxsaylı fəaliyyətləri özündə birləşdirən bu festival Rumıniyada Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan ən böyük festivaldır.