Bunu “Report”a açıqlamasında “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” (ABADA) İctimai Birliyinin baş katibi Kənan Qurbanov bildirib.
“Assosiasiyanın əsas məqsədi ölkədə avtomobil nəqliyyatı ilə beynəlxalq yük və sərnişin daşımalarının inkişafına yardım etmək, “Karnet-TIR” Konvensiyasının şərtlərini yerinə yetirmək, beynəlxalq avtomobil daşıyıcılarının maraqlarını müdafiə etmək və onlara kompleks şəkildə kömək etməkdən ibarətdir. Azərbaycanın gömrük ərazisində BYD (“Karnet-TIR”) əməliyyatı zamanı plomblanmış avtomobil vasitələrində və yaxud konteynerlərdə daşınan mallar, xarici ölkələrin aralıq gömrük orqanlarında gömrük yoxlamasından azad olunurlar. Beynəlxalq yük daşımalarının “Karnet-TIR” sistemi çərçivəsində həyata keçirilməsi daşıyıcılara və gömrük orqanlarına sadə, çevik, qənaətli, təminatlı və təhlükəsiz gömrük tranziti prosedurunun əldə edilməsinə imkan yaradır. “Karnet-TIR” sisteminin üzvləri aralıq gömrük orqanında idxal-ixrac rüsumlarının və yığımlarının ödənilməsindən və yaxud depozit qoyulmasından azad edilir”, – deyə o qeyd edib.

Xatırladaq ki, Azərbaycan 12 mart 1996-cı il tarixindən “BYD kitabçası tətbiq edilməklə beynəlxalq yükdaşımaları haqqında” gömrük konvensiyasına qoşulub və beynəlxalq avtomobil yük daşımalarının sadələşdirilməsinə imkan yaranıb.
ABADA 1993-cü ilin noyabr ayında qərargahı Cenevrə şəhərində (İsveçrə) yerləşən,beynəlxalq yük daşımaları (BYD) kitabçalarının (Karnet-TIR) tətbiqi ilə BYD Konvensiyasının dünya üzrə təminat orqanı olan Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının İRU üzvlüyünə qəbul olunub. BYD sisteminə buraxılmasına ABADA-nın hazırlığı İRU tərəfindən yoxlandığından sonra 1997-ci ilin noyabr ayından Azərbaycan TIR sisteminə buraxılıb.O vaxtdan ABADA “Karnet-TIR” kitabçalarını İRU-dan almağa başlayıb və indiyədək öz üzvlərini həmin kitabçalarla təmin edir.