Azərbaycan Taylandın paytaxtı Banqkokda keçirilmiş BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin Daimi Komitəsinin 3-cü sessiyasında iştirak edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, qurumun Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi Fuad Aslanov sessiyaya sədrlik edib.
Sessiya zamanı texniki detallarla bağlı fikir mübadiləsi aparılıb və işçi qrupunun fəaliyyəti nəzərdən keçirilib. Bu gün isə sessiya işə başlayıb. Tədbirdə Komitə sədrinin müavini Natiq Şirinov onlayn qaydada çıxış edərək kağızsız ticarət sahəsində ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb.
Sessiya zamanı daimi komissiyanın məruzəsi dinlənilib, transsərhəd kağızsız ticarət sahəsində ölkələrin son bir ildə əldə etdikləri nailiyyətlər, “Bir pəncərə” sistemlərinin tətbiqində qabaqcıl təcrübələr paylaşılıb, çərçivə sazişindən irəli gələn maddələrin yerinə yetirilməsi, transsərhəd kağızsız ticarətin asanlaşdırılması, məlumat mübadiləsinin gücləndirilməsi, eləcə də elektron sənədlərin mübadiləsi zamanı ortaya çıxan məsələlər müzakirə olunub.