Oktyabrın 20-də Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı – Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri çərçivəsində “Müasir inşaat texnologiyaları sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə-Azərbaycan İşgüzar Şurası İdarə Heyətinin üzvü Selçuk Akat iki ölkənin şirkətləri arasında iqtisadiyyatın bütün sahələrində, o cümlədən inşaat sektorunda sıx əlaqələrin olduğunu vurğulayıb. Qeyd edib ki, bu gün türk iş adamlari KOBİA, AZPROMO və digər Azərbaycan şirkətləri ilə sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, Türkiyə ötən il Azərbaycana 384 milyon dollar həcmində inşaat materialları ixrac edib və bu göstərici ilbəil artmaqdadır.
Seminarda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov tikinti sektorunun ölkələrimiz arasında biznes təşəbbüslərinin genişləndirilməsi baxımından böyük potensialı olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, Azərbaycanda yeni texnologiyalar əsasında işləyən sement zavodları, metal konstruksiyalar, müasir tikinti materialları istehsal edən müəssisələr mövcuddur. Ölkəmiz bir sıra tikinti materiallarının istehsalı üçün xammal ehtiyatları ilə də zəngindir. Yeni KOB meyarlarının tətbiq edildiyi 2018-ci ildən ötən dövr ərzində tikinti sektorunda fəaliyyət göstərən KOB subyektlərinin sayında artım müşahidə edilir. Bu sahədə 15 minə yaxın KOB subyekti fəaliyyət göstərir. Bu, müvafiq sektorda ixtisaslaşan KOB subyektlərinin bilik, bacarıq və təcrübələrinin kifayət qədər formalaşdığını göstərir. Azərbaycan və Türkiyə arasında tikinti sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var. Bu imkanların reallaşdırılmasına KOBİA da dəstək göstərməyə hazırdır.
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı hazırda Qarabağda nəhəng quruculuq işlərinin getdiyini və regionun bərpasında Türkiyə şirkətlərinin də xüsusi rol oynadığını vurğulayıb. Qeyd olunub ki, bu gün Zəngilan, Füzuli və digər rayonlarda türk iş adamları tərəfindən bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
Səfir məruzəsində Zəngəzur dəhlizinin logistik əhəmiyyətinə də toxunaraq, onun regiona ölkələri üçün mühüm əhəmiyyətindən danışıb.