Bu il Rusiyanın Murmansk bölgəsinin 69 balıq emalı şirkəti Azərbaycan da daxil olmaqla xarici ölkələrə məhsul satmaq üçün ixracatçıların reyestrinə daxil edilib.
“Report” bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Şimal Dəniz Regionlararası İdarəsinə istinadən xəbər verir.
Bu müəssisələr həmçinin Özbəkistan, Meksika, Tayvan, Avropa İttifaqı, Çin, Koreya, Vyetnam, ABŞ, Tayland, Türkiyə, BƏƏ, Yaponiya və İndoneziyaya balıq və dəniz məhsullarını tədarük edə biləcək.
Məlumata görə, Arktika bölgəsinin ümumilikdə 79 müəssisəsi xaricə məhsul ixrac etmək üçün müraciət edib. Müəssisələrin soyuducu terminalları və balıqçılıq gəmiləri yoxlanılıb. Son nəticədə idxalçı ölkələrin tələblərinə cavab vermədiyi üçün 10 şirkət ixracatçılar siyahısına daxil edilməyib.