Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində elan etdiyi strateji hədəflər arasında azərbaycançılıq ideologiyası və məfkurəsinin möhkəmləndirilməsi fikri mühüm yer alıb. Azərbaycançılıq məfkurəsi postmüharibə dövründə çox önəmli bir məsələdir. Tarixdə xalqların transformasiyası, onun milliləşmə ruhunun formalaşması prosesində böyük və qanlı müharibələrin müstəsna və həlledici rolu olub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Sübhan Padarsoy söyləyib.
1990-cı illərin əvvəlləri I Qarabağ müharibəsində baş verən məğlubiyyətin milli kimlik olaraq azərbaycançılıq ideyasının tam formalaşmasında və oturuşmasında böyük psixoloji çat yaratdığını xatırladan Sübhan Padarsoy əlavə edib: “Azərbaycanda milli kimlik quruculuğu XIX əsrin sonu XX əsrin əvvəllərində Çar Rusiyasında azərbaycandilli elitanın və Azərbaycan maarifçiliyinin üzə çıxması ilə birbaşa bağlıdır. Dilimizin Azərbaycan dili olaraq adlandırılmasında da Məhəmməd bəy Şahtaxtinski, Əhməd bəy Ağaoğlu, Mirzə Fətəli Axundzadə, Firidun bəy Köçərli və həmin dövrün digər intellektual şəxsiyyətlərinin böyük əməyi olub. Həmin dövrlər türkçülük ideyası mövcud olsa da, bu, nisbətən marjinal xarakter daşıyırdı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra milli kimlik məsələsi ətrafında qızğın müzakirələrin başlandığının şahidi olduq. 1992-1993-cü illərdə AXC-Müsavat idarəçiliyi zamanı bu müzakirələr intellektual müstəvidə pantürkist ideyalarını bölüşməyən tarixçilər və fikir adamlarına qarşı marjinal bir prosesə çevrildi. Siyasi müstəvidə isə ölkədəki qeyri-türk etnik azlıqlara qarşı bir növ separatçılıq meyilləri müşahidə edildi. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə gəlişindən sonra isə pantürkçü millətçiliyə qarşı olaraq xalq millətçiliyi xətti prizması əsas götürüldü. Ümummilli Lider ölkə ziyalıları ilə görüşləri zamanı Azərbaycan türkü və Azərbaycan türk dili ideyalarına qarşı çıxırdı. Bildirirdi ki, bir xalqın, eləcə də onun dilinin iki adı ola bilməz. Heydər Əliyev Məhəmməd Ağa Şahtaxtinski və Mirzə Fətəli Axundzadə xətti ilə gedən azərbaycançılığı davam etdirməklə yanaşı, adekvat dəyərləri də mühafizə edirdi. O, kultural dəyərlərimizin zəngin atributlarını yenidən canlandırmaq siyasətini ümumdövlət mənafeyinə uyğun olaraq icra edirdi”.
Sübhan Padarsoy bildirib ki, milli kimlik ifadəsi bir torpağa aidlik duyğusunun ortaq paylaşılmasına istinad edir: “Çünki millət və torpaq bir-birinə aid olmalıdır. Torpaq itkisi də milli kimliyin formalaşmasında ciddi böhran və krizis yaradır. II Qarabağ müharibəsində əldə etdiyimiz Zəfər Azərbaycan xalqının yenidən bir millət olaraq özünü dərkində, milli kimlik ideologiyasının formalaşmasında mühüm bir katalizator rolunda çıxış etdi. Çünki Qarabağın azad edilməsi, sadəcə, bir işğal faktının aradan qaldırılması ilə bağlı məsələ deyildir. Bu, milli kimliyin tam formalaşmasının dominant simvolu olan bir Zəfər hekayəsinə varid olmaqdır. Bu Zəfər hekayəsinə varid olmalı ən mühüm əhali seqmenti qrupu isə məhz gənclərdir. Təəssüf ki qloballaşma adlanan ümumdünya prosesinin ən neqativ nəticələrini biz gənclər üzərində hiss edirik. Qeyd etməliyəm ki, bu amil təkcə Azərbaycan gəncliyinə xas deyil. Bütün dünya gəncliyi təəssüf ki sanki öz milli mədəniyyətinə sürətlə yadlaşır. Bir növ “qlobal mədəniyyət”, “qlobal vərdişlər”, “qlobal biznes” praktikalarını mənimsəyirlər. Buna əsasən sosioloji ədəbiyyatda “fastfoodlaşan”, “amerikanlaşan” gənclik deyirlər. Bunun da fundamental səbəbi odur ki, gəncliyimizin çox mühüm və diqqətdən kənarda saxlamamalı olduğumuz hissəsi müasirləşməni qərbləşmə olaraq düşünürlər. Bu, üzərində müzakirə aparılmalı məsələdir. Çünki belə gənclər bir növ ideoloji boşluq içərisindədirlər. Təəssüf ki onları kultural olaraq dağıdıcı istiqamətlərə yönləndirmək asandır. Bu aspektdə dövlətimizin başçısının çıxışında vurğuladığı gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi məsələsi çox aktualdır”.
S.Padarsoy sosial şəbəkələrin gənclər üzərində təsirləri məsələsindən də söz açıb. O, son illər TikTok platformasında bir sıra sosial şəbəkə fenomenlərinin, blogerlərin gəncləri ağlasığmaz hərəkətlərə və davranışlara sövq etdiyini vurğulayıb.
“Bu cür çıxışlar cəmiyyətin mühüm reallığıdır. Çünki çox önəmli fikirlər bu platformalardan yayılır. Azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsində sosial şəbəkə fenomenlərinin və efir məkanının da rolu var. Bu gün Azərbaycan gəncliyinin rol-model problemi var. Erkən yaşlardan ibtidai siniflərdən başlayaraq orta məktəblərdə gəncliyin milli ruhda tərbiyəsi çox önəmlidir. Orta məktəb yaşlarında məhz övladlarımızı dağıdıcı təsirlərdən qorumaq üzərində düşünməliyik. Çünki sonrakı yaşlarda bu məsələnin həlli çox gec olur. Biz bilirik ki, yeniyetməlik dövründə uşaqları dəyişdirmək kifayət qədər mürəkkəb bir məsələyə çevrilir. Bizim müasir gəncliyin təqlid edə biləcəkləri bir kultural elitanın hər zaman diqqət mərkəzində saxlanılması, onların efir məkanında iştirak etməsi, həmçinin bu ruhda verilişlərin daimi nümayiş etdirilməsi vacibdir. Buna paralel olaraq xalqın kimliyinin təməl sütunu olan əxlaqi mədəni normaları, prinsipləri heçə saymaqdan sanki həzz duyan şəxsləri və bayağı verilişləri efir məkanından uzaqlaşdırmaq önəmlidir. Məhz bu şəkildə biz gənclərimizin milli ruhda yetişdirilməsinə töhfə verə bilərik. Bununla da onların zövqlərinin korlanmasının qarşısını ala bilərik. Onları nəcib estetik dəyərlərə, tərzlərə yönləndirə bilərik.
Biz kultural suverenliyimizi hər şeydən öncə qoruyub saxlamalıyıq və bu missiyanın məhz gənclərin üzərində olduğunu onlara aşılamalıyıq. Bu xüsusda ailə institutunun qorunması zəruridir. Çünki ailə ideoloji ocaqdır. Əgər ailə institutu sarsılarsa, biz gənclərimizə heç nə aşılaya bilməyəcəyik. Azərbaycanın ailə modelini mütləq şəkildə mühafizə etməliyik. Bunun üçün tam qəti və məqsədyönlü proqram olmalıdır. Belə olduğu təqdirdə, sağlam ruhlu, milli –mənəvi dəyərlərə bağlı bir gənclik yetişdirə bilərik”, – deyə STM məsləhətçisi qeyd edib.