Mart 15, 2025-3:33
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Azərbaycanda pomidorun dövlət dəstəyilə sığortalanmasına başlanıldı

Azərbaycanda pomidorun 50% güzəştlə sığortalanmasına başlanılıb.

Aqrar Sığorta Fondundan Teleqraf-a verilən məlumata görə həyata keçirilən bu dəstək fermerlərin iqlim dəyişiklikləri, qeyri-sabit hava şəraiti, vəhşi heyvan və quş hücumları, eləcə də üçüncü şəxslərin təsərrüfatlara vurduğu zərərlərdən qorunmasını təmin edəcək.

2024-cü ilin rəsmi məlumatlarına əsasən ümumilikdə 14 852,3 hektar ərazidə pomidor yetişdirilib və istehsal həcmi 328 131 ton təşkil edib. Əsas pomidor sahələri Quba-Xaçmaz (3 747,6 ha), Lənkəran-Astara (2 197,8 ha), Mil-Muğan (1 530,5 ha), Mərkəzi Aran (1 478 ha) və Şirvan-Salyan (1 414,5 ha) iqtisadi rayonlarında yerləşir.

Fermerlər təsərrüfatlarını sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı mərkəzinə müraciət edə bilərlər. Sığorta haqqı əkin sahəsinin yerləşdiyi ərazi, məhsuldarlıq və seçilən sığorta paketi əsasında hesablanır. Sığorta məbləğinin yarısı dövlət tərəfindən ödənilir. Məsələn, Quba-Xaçmaz iqtisadi rayonunda 1 000 manatlıq pomidor məhsulunun sığorta haqqı 23,6 manatdır və fermer bunun yarısını – təxminən 12 manat ödəməklə məhsulunu sığortalaya bilər. Qeyd edək ki, müxtəlif bölgələrdə aqrar risklər fərqli olduğu üçün bu məbləğ əraziyə görə dəyişə bilər.