Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən güzəştli aqrar sığorta mexanizmi vasitəsilə tütün sahələrinin sığortalanması prosesinə start verilib. Fermerlər iqlimə həssas olan tütün bitkisini dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə sərfəli şəkildə sığorta edə bilərlər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tütün Azərbaycanın bir sıra rayonlarında, xüsusilə şimal-qərb və qərb bölgələrində becərilən texniki bitkidir. Ölkədə 2625 hektar sahədə tütün əkilir, onun böyük hissəsi – 2567 hektarı və ya təqribən 98 faizi Şəki-Zaqatala bölgəsindədir. Ən çox tütün sahələri Şəkidədir. Bu rayonda 1601 hektarda tütün əkilir. Bu, ölkə üzrə bütün tütün sahələrinin 60 faizdən çox hissəsi deməkdir. Tütünün geniş şəkildə əkildiyi bölgələrin siyahısında Qax (455 hektar), Zaqatala (264 hektar) və Oğuz rayonları (179 hektar) da var.
Dövlət tərəfindən tütün istehsalına ayrılan subsidiyalar bu bitkinin ölkə iqtisadiyyatı və aqrar sektor üçün əhəmiyyətini göstərir. Tütün məhsulundan yerli siqaret istehsalında istifadə edilir, eləcə də tütünün bir hissəsi xaricə göndərilir. Belə ki, 2023-cü ildə Azərbaycandan xaricə ümumi məbləği 6 milyon 647 min dollar olan 2860 ton tütün ixrac edilib. 2024-cü ildə isə ixrac edilən tütünün həcmi və dəyəri 3 dəfə artıb. Ötən il xaricə ümumi məbləği 22,4 milyon dollar olan 6937 ton tütün göndərilib.
Hazırda tütünçülük sahəsində yüzlərlə fermer fəaliyyət göstərir və gəlir əldə edirlər. Aqrar sığorta bu fermerlərin gəlirlərini qorumağa imkan verir. Aqrar Sığorta Fondu (ASF) tərəfindən dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi tütün sahələrini çoxsaylı risklərdən qorumağa imkan verir. Aqrar sığorta tütün sahələrini dolu, fırtına, qasırğa, sel-subasma, normadan artıq qar yağması, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri, eləcə də dolu nəticəsində keyfiyyət itkisi kimi hadisələrin vurduğu zərərlərdən qoruyur.
Aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənildiyinə görə, fermerlər tütün sahələrini kiçik ödənişlə sığortalaya bilərlər. Məsələn, Şəki rayonunda 1 kiloqramının qiyməti 35 qəpik olmaqla, 20 ton və ya 200 sentner məhsul gözlənilən 1 hektar tütün sahəsindən, ümumilikdə, 7000 manatlıq məhsul götürülür. Bu sahənin aqrar sığorta vasitəsilə çoxsaylı risklərdən qorunması üçün ümumi sığorta haqqı 446 manat, fermerin ödədiyi hissə isə cəmi 223 manat təşkil edir. Başqa sözlə, fermer sahədən gözlənilən məhsulun dəyərinin cəmi 3 faizini ödəməklə tütün sahəsini çoxsaylı risklərin vurduğu zərərdən qoruya bilər.
Bundan başqa, tütün məhsulu dolu riski ilə yanaşı, doludan keyfiyyət itkisi riskinə qarşı da həssasdır, dolunun korladığı tütün yarpaqları keyfiyyətini itirdiyinə görə, əvvəlki dəyərindən təqribən 3 dəfə ucuz satılır. Bu halda zərərlə üzləşməmək üçün tütünü doludan keyfiyyət itkisi riskindən də sığortalamaq tələb olunur. Fermer əkin sahəsini bu riskdən də sığortalamaq üçün ümumilikdə 308 manat sığorta haqqı ödəməlidir. Qeyd edək ki, 1 hektar tütün bitkisinin becərilməsi üçün xərclər 2000-3000 manat arasında dəyişir. Başqa sözlə, sığorta haqqı tütünə çəkilən xərclərin 10-da birinə bərabərdir.
Artıq fermerlər tütün sığortasından faydalanmağa başlayıblar. 2025-ci ildə Aqrar Sığorta Fondu tərəfindən tütün becərən fermerlərə üzləşdikləri zərərə görə ilk ödənişlər edilib. Fond tütün becərən fermerləri öz məhsullarını qorumağa və sığortalamağa çağırır.