Bu gün dünyada çox ciddi geosiyasi proseslər cərəyan etməkdədir. Bu proseslər kontekstində ölkəmiz özünün ən böyük problemi olan ərazi bütövlüyü məsələsini hərbi-siyasi yolla uğurla həll etdi. Lakin hamımıza məlumdur ki, dünyanın “inkişaf etmiş ölkələr” adlandırdığımız bir sıra dövlətləri Cənubi Qafqaza gəlmək və bu bölgəni öz təsir dairələrinə salmaq üçün siyasi gedişlər edir, buna görə də ölkəmizə təzyiqləri artırırlar. Təbiidir ki, bu ölkələrin sırasında başlıca yeri Fransa dövləti tutur. O Fransa ki, XV əsrdə birləşmə prosesi başa çatdıqdan sonra dünyanın müxtəlif bölgələrində, xüsusilə də Afrikada müstəmləkəçi siyasət yürüdərək yüz minlərlə insana qarşı soyqırımı həyata keçirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
“Bu gün Fransanın müstəmləkə rejimlərinin qalıqları ortadan qalxmaqdadır. Lakin bununla paralel olaraq, Fransa təsir istiqamətlərini bölgəmizə doğru yürütmək niyyətindədir. Əgər keçmişə nəzər salsaq, XX əsrin əvvəllərində də, xüsusilə Xalq Cümhuriyyəti dönəmində Fransanın daim “Ararat respublikası”nın yanında olduğunu görərik. Bu baxımdan bir neçə gün əvvəl paytaxtımızda keçirilən neokolonializm siyasətinə qarşı konfransı əhəmiyyətli hesab edirik. Düşünürəm ki, bu konfrans ölkəmizin yeni diplomatik uğurlarından biridir”, – deyən deputat əminliklə vurğulayıb ki, ölkəmizə qarşı yönəldilmiş siyasi təzyiqlər Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində neytrallaşdırılacaq. Çünki bu təzyiqlər əsassızdır, hər hansı tarixi gerçəkliyə söykənmir. Dünən Tehranda təşkil edilmiş 3+3 formatında görüşün bölgəmizdəki proseslərin region oyunçuları tərəfindən tənzimlənməsi baxımından önəmlidir. Çünki artıq o zaman yetişib ki, qonşular öz problemlərini özləri həll etsin və əməkdaşlığı genişləndirsin. Bu mənada, 100 ildən çox yaşı olan “Qafqaz Evi” ideyasının gerçəkləşməsi bölgəmizdə sülhün bərqərar olması üçün həyati əhəmiyyət daşıyır.
Ə.Salahzadə bildirib ki, diqqətçəkən ən vacib məqam müasir dövrdə cərəyan edən siyasi proseslərdə ölkəmizin əsas söz sahiblərindən biri olmasıdır. Vətən müharibəsində və sonrakı dönəmdə lokal xarakterli tədbirlərdə hərbi gücümüz, dövlətimizin başçısının siyasi iradəsi, bu iki amilin formalaşmasını və qüvvətlənməsini təmin edən milli birliyimiz, nəhayət hərbi əməliyyatlarda göstərdiyimiz humanizm və insansevərlik uğurumuzun əsasıdır. Aparılmış əməliyyatlar zamanı mülki əhaliyə dünyada görünməmiş sayda, demək olar ki, yox dərəcəsində ziyan toxunmuşdur. Dünyada elə bir hərbi münaqişə və ölkə yoxdur ki, ərazidən öz xoşu ilə köçmək istəyən mülki əhaliyə “burada qalın və vətəndaşım olun, hər hüquqdan yararlanın” desin, onlara hər cür qayğı göstərsin.
“Hesab edirəm ki, qarşıda duran ən vacib məsələ azad edilmiş ərazilərə qayıdışın sürətlənməsidir. Quruculuq və qayıdış üçün həm iqtisadi gücümüz, həm də siyasi iradəmiz ortadadır. İnsanlarımızın vətənsevərlik hissləri isə ən yüksək həddə çatıb. Bütün bunlar qarşıdakı aylarda qarşımıza qoyduğumuz digər məqsədlərimizə çatmağa da imkan verəcək”, – deyə deputat bildirib.