Mayın 13-də Bakı şəhəri Nizami rayonu 129 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində “Azərbaycanı tanıyaq, tanıdaq” mövzusunda ümumməktəb festivalı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, festival direktorların və təhsil işçilərinin “Yaşıl dünya naminə həmrəylik ağacı” əkmələri və şagirdlərin iməcilik işləri aparmaları ilə açıq elan olunub.
Nizami rayonu 129 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova təhsil işçilərinə festivalın keçirilmə məqsədi barədə məlumat verib.
Daha sonra şəhidlərimizin xatirəsini yad etmək məqsədilə məktəbin həyətində abidə üzərinə gül dəstələri düzülüb və məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni dinlənilib.
Festival çərçivəsində, həmçinin Azərbaycanın iqtisadi bölgələrini əks etdirən sərgilər təşkil olunub.
Şagirdlər Azərbaycanın tarixi şəxsiyyətlərinin, tanınmış simalarının obrazlarını da canlandırıblar. Məktəblilərin canlandırdıqları obrazlar arasında şəhid general-mayor Polad Həşimovun, Xocalı həqiqətlərini dünyaya çatdırmış jurnalist Çingiz Mustafayevin, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin də portretləri yer alıb.
Festival çərçivəsində müxtəlif səhnəciklər, milli musiqi və rəqslərimiz, o cümlədən folklor nümunələri nümayiş olunub.
Bununla yanaşı, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoguşələr və şagirdlərin çəkdikləri rəsmlər sərgilənib.
Qeyd edək ki, “Azərbaycanı tanıyaq, tanıdaq” adlı festivalın keçirilməsində əsas məqsəd şagirdləri ölkəmizin tarixi, coğrafiyası, ədəbiyyatı, mədəniyyəti, folkloru, milli mətbəxi barədə dərindən məlumatlandırmaq, onları milli-mənəvi dəyərlərə sadiq ruhda yetişdirmək, həmçinin vətənpərvərlik tərbiyəsini möhkəmləndirmək, COP-29-un əhəmiyyəti haqqında məlumatlandırmaq və milli iftixar hissini aşılamaq olub.