Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Onun sözlərinə görə, Prezident qeyd edib ki, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat gücündə Günəş, külək və su enerjisi ölkənin enerji sisteminə inteqrasiya olunacaq. Bu həcmin səmərəli istifadəsi üçün enerji şəbəkəsinin ötürmə və saxlanc imkanlarının genişləndirilməsi zəruridir. Mövcud plana uyğun olaraq artıq dövlət xətti ilə 250 meqavat gücündə batareya saxlanc sistemləri quraşdırılır və qısamüddətli perspektivdə 8 giqavat, uzunmüddətli mərhələdə isə 20-40 giqavat həcmində enerji qəbul və ötürmə imkanlarının yaradılması nəzərdə tutulur. Bu strateji yanaşma Azərbaycanın enerji təhlükəsizliyinə yalnız taktiki deyil, eyni zamanda, sistemli və uzunmüddətli töhfəsini göstərir. 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəfi artıq real icra trayektoriyasına daxil olub. Quruda 135 giqavat, dənizdə isə 157 giqavat texniki potensialın mövcudluğu, Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası” elan edilməsi bu strategiyanın coğrafi və institusional əsaslarını gücləndirir.
Komitə sədri qeyd edib ki, birinci mərhələdə – 2027-ci ilin sonunadək təxminən 2 giqavat gücün istismara verilməsi daxili tələbatın ödənilməsinə xidmət edəcək. Sonrakı mərhələdə isə əlavə 6 giqavatdan artıq gücün ixrac və data mərkəzlərinin enerji təminatına yönəldilməsi yaşıl enerjinin iqtisadi dəyər zəncirinə inteqrasiyasını şərtləndirir. Bu mərhələnin nəticələri illik 5,1 milyard kilovat-saat elektrik enerjisi istehsalı, 1,1 milyard kubmetr qaza qənaət və 2,4 milyon ton istixana qazlarının azaldılması ilə ölçülür. Su elektrik stansiyalarının gücü 2030-cu ilə qədər 1800 meqavata çatdırılacaq, Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialı mərhələli şəkildə reallaşdırılacaq. Bu, enerji balansının şaxələndirilməsinə xidmət edir. Bununla yanaşı, Xəzər–Qara dəniz–Avropa, Mərkəzi Asiya–Azərbaycan, Naxçıvan–Türkiyə–Avropa və Azərbaycan–Türkiyə–Gürcüstan–Bolqarıstan yaşıl enerji dəhlizləri Azərbaycanın regional və qlobal enerji arxitekturasında strateji mövqeyini möhkəmləndirir. 240 meqavat gücündə Günəş Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji siyasətində keyfiyyətcə yeni mərhələnin ifadəsidir. Bu mərhələ təkcə ekoloji məsuliyyət deyil, eyni zamanda, iqtisadi transformasiya, texnoloji modernləşmə və uzunmüddətli milli enerji təhlükəsizliyinin əsas sütunlarını formalaşdırır.
