Bizim milli geyimlərimiz, simvollarımız xalq olaraq milli xüsusiyyətlərimizi, məskunlaşdığımız ərazinin təbii-coğrafi şəraitini, bədii yaradıcılığı, düşüncə tərzini özündə əks etdirə bilir. Bütün bunları isə xaricdə yaşatmağın özəlliyi başqadır.
AZƏRTAC-ın müsahibi Ukraynada yaşayan və yaradıcılığı ilə tanınan soydaşımız, diaspor fəalı, tətbiqi incəsənət ustası Rəna Səfərovadır. Həmsöhbətimizlə görüş zamanı emalatxanasında hazırladığı milli geyimlərin, atributların, musiqi alətlərinin xalqımızın estetik görüşlərinin təcəssümü olduğunu gördüm.
Söhbət əsnasında məlum oldu ki, 30 ildir Ukraynada yaşayan Rəna Səfərova son 9 ildir ki, Kiyevdə məskunlaşıb. Bundan əvvəl isə Luqansk şəhərində yaşayıb.
“Hər zaman öz əl işlərimlə beynəlxalq festivallarda Azərbaycanı təmsil etmişəm. Son dövrlər Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində ölkəmizə, xalqımıza maraq, hörmət artıb. Ona görə də festivallarda Azərbaycan mədəniyyətinin, milli geyimlərin təbliğinə daha böyük ehtiyac yaranıb. Mən də əl işlərimlə, tikdiyim milli geyimlərimlə Azərbaycanı layiqincə təmsil etməyə çalışıram. Hər dəfə ukraynalıların və burada olan digər xarici vətəndaşların Azərbaycana marağının artığının şahidi oluram. Ona görə də milli atributların, milli geyimlərin çeşidlərini artırmaq istəyirəm”, – deyə Rəna Səfərova vurğulayıb.
Soydaşımız Azərbaycanın Zəfərinin Ukraynada yaşayan azərbaycanlılarda qürur hissi yaratdığını və yaradıcılığında əsas mövzunun Qarabağ olduğunu da qeyd edib.“Son Tarixi Zəfərimiz münasibətilə xalqımızı təbrik edirəm. Allah, Ali Baş Komandamız İlham Əliyevi, Ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin. Bu qələbədən sonra biz Ukraynada çox qürurla yaşayırıq. Ümumiyyətlə, son 20 ildə Azərbaycanın uğurlu siyasəti nəticəsində Ukraynada olan diasporumuz, soydaşlarımız qürurla yaşayır. İndi Azərbaycan deyəndə, Prezidentimiz, güclü iqtisadiyyatımız, Qarabağımız gözümüzün önünə gəlir. Çox sevinirəm. Sevindirici haldır ki, nəhayət Xankəndi, Xocalı, Xocavənd və bütünlüklə Qarabağ bölgəsi tamamilə işğaldan azad edildi. Şuşa alınandan sonra işlədiyim əl işlərindən bir qisminin mövzusu “Xarıbülbül”ə, Şuşaya həsr olunub. Bütün festivallarda qələbəmizin rəmzi olan “Xarıbülbülü” nümayiş etdiririk, əcnəbilərə onun mənasını izah edirik. Həmçinin, Qarabağda tarixi mədəni abidələrimizin ermənilər tərəfindən vəhşicəsinə dağıdılması barədə məlumatlar veririk”, -deyə həmsöhbətim bildirib.