Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov “Cənubi Qafqazda yeni perspektivlər və Qarabağ probleminin sonu” mövzusunda Misirin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, E.Poluxov Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ probleminin tarixi, o cümlədən Ermənistan tərəfindən 30 ildən artıq müddətdə Azərbaycan ərazilərinin 20 faizindən çoxunun işğal altında saxlanılması, Xocalı soyqırımının törədilməsi, bir milyondan artıq insanın məcburi öz yurdlarını tərk etməsi, bu zaman çərçivəsində həmin ərazilərdə Azərbaycana məxsus mədəni, tarixi abidələrin məhv edilməsi haqqında geniş məlumat verib.
E.Poluxov 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun işğal olunmuş əraziləri azad etdiyini söyləyərək, 2020-ci il noyabrın 10-da Ermənistan tərəfinin üçtərəfli Bəyanatı imzalamağa məcbur olduğunu qeyd edib. O, Ermənistanın üçtərəfli Bəyanatda göstərilən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması, mina xəritələrini verməməsi, separatçı xunta tərəfindən “seçkilər” keçirilməsi, diversiya hərəkətlərinin davam etdirilməsi kimi faktların 2023-ci il sentyabrın 19-da Azərbaycan tərəfinin lokal xarakterli antiterror tədbirlərinə səbəb olduğunu söyləyib. Səfir əlavə edib ki, həyata keçirilən bu tədbirlər zamanı Qarabağın dinc sakinlərinin zərər görməməsi üçün bütün vasitələrdən istifadə edilib, nəticə olaraq, separatçı qurumun rəhbərliyi özünü buraxdığını elan edib.
Səfir E.Poluxov Qarabağın erməni əhalisinin heç bir təzyiqə məruz qalmadığı halda Ermənistana köçməyə başladığını qeyd edərək, hal-hazırda Azərbaycanın hakimiyyət orqanlarının erməni sakinlərin nümayəndələri ilə reinteqrasiya məsələlərinə dair müzakirələr apardığını və inteqrasiya olmaq istəyən yerli erməniəsilli əhali üçün Azərbaycan Konstitusiyasında göstərilən hüquqlardan istifadə etmək imkanı yaradıldığını bildirib və Azərbaycanın hüquq-mühafizə, sosial, səhiyyə və digər qurumlarının bu ərazilərdə yaşayan sakinlərin problemlərinin həll istiqamətində müvafiq işlər apardığını bildirib.
Həmçinin tədbirdə sürətlə inkişaf edən Azərbaycan-Misir əlaqələrinə toxunulub və mövcud perspektivlərdən danışılıb.
Brifinq zamanı mətbuat nümayəndələrinə ərəb və ingilis dillərinə tərcümə edilmiş müvafiq materiallar paylanılıb və misirli jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.
Brifinq bir çox yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.