AZƏRTAC xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyev söyləyib.
O bildirib ki, AŞPA 1990-1993-cü illərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan dövləti tərəfindən işğal edilməsi nəticəsində hüquqları pozulmuş 1 milyondan çox azərbaycanlının qaçqınlıq taleyi və acı aqibətinə görə Ermənistan dövlətinə hər hansı sanksiya tətbiq etmədi və təzyiq göstərmədi. Bununla da hüquqları tapdalanmış, mal-mülkü talan edilmiş, yandırılmış bir milyondan çox qaçqın və məcburi köçkünün insanlıq hüquqlarına hörmətsizlik edildi. Bundan əlavə, AŞPA-nın münaqişəli məsələlərin müzakirəsi üçün düzgün format olmadığı deyildi və ermənilərin cinayətləri unutdurulmağa çalışıldı.
“AŞPA-nın keçmiş münaqişəyə bu qədər biganə yanaşması onlara olan ümid və gözləntiləri də puç etdi, həmçinin nüfuzuna da xələl gətirdi. Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi ilə öz torpaqlarını işğaldan azad etməsi ermənidən daha çox erməni olan Fransa kimi, AŞPA-nın da ölkəmizə qarşı qərəzli və kinli siyasətini üzə çıxardı. Avropa Şurası Parlament Assambleyasının deputatlarının çərşənbə günü keçirdiyi müzakirədə Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsi və ölkəmizlə əlaqəli ortaya atdığı əsassız ittihamları sübut etdi ki, AŞPA-nın bu siyasətinin mərkəzində Azərbaycanofobiya və islamofobiya durur. Məlum oldu ki, onların məqsədi Azərbaycanın Qələbəsinə kölgə salmaq, ölkənin siyasi, hərbi, sosial, iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurları ləkələməkdir. Onları dövlətimizin demokratiya və ədalətin bərqərar olması istiqamətindəki qətiyyətli uğurları, həmçinin hər şeydən daha çox Azərbaycanın güclü dövlətə və liderə malik olması narahat edir”, – deyə Ə.Vəliyev vurğulayıb.
Onun sözlərinə görə, AŞPA və digər anti-Azərbaycan ünsürlü qüvvələrinin ayrı-seçkiliyi, etnik və dini nifrəti, ikili standartları, təkəbbürlülüyü, şovinist siması Azərbaycanın güclənməsi və torpaqlarını işğaldan azad etməsi ilə özünü daha aydın şəkildə büruzə etdi. Bu onu göstərir ki, Azərbaycan Vətən müharibəsində Ermənistanla yanaşı, anti-Azərbaycan ideyalı zehniyyətlərə də qalib gəlib.