YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Masallı rayon Şəhidlər kompleksi də ziyarət edilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirələri ehtiramla anılıb.
Sonra “Ulu Öndər Heydər Əliyev və Azərbaycan mədəniyyəti 100” adlı sərgi ilə tanışlıq olub.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanın tərəqqisi uğrunda çalışmış, xalqını üzləşdiyi çətinliklərdən xilas etmiş dahi şəxsiyyətdir. O qeyd edib ki, məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub. Seyfəddin Əliyev Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 illik dövrün Azərbaycan tarixinin ən qüdrətli, müstəqilliyimizin ən güclü, dövlətçiliyimizin ən möhtəşəm quruculuq mərhələsi olduğunu vurğulayıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ulu Öndərin mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, Vətəninə və dövlətinə həsr etdiyini, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərdiyini diqqətə çatdırıb. A.Əhmədov vurğulayıb ki, Prezident İlham Əliyev 20 illik prezidentlik dövründə sadə vətəndaşların, şəhid ailələrinin, müharibə əlillərinin yanında olub, onlara mütəmadi qayğı və diqqət göstərib. Məhz bunun nəticəsidir ki, ümumxalq məhəbbətini qazanan Prezident İlham Əliyevin siyasəti xalq tərəfindən birmənalı şəkildə dəstəklənir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov Ulu Öndərin zəngin dövlətçilik irsindən, müstəqil Azərbaycan dövlətinin inkişafı naminə müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, yeni nailiyyətlərə imza atır.
Digər natiqlər çıxışlarında deyiblər ki, Ulu Öndər xalqımızın yaddaşında qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Xalqımızın xilaskarı, müdrik dövlət xadimi Heydər Əliyevin əbədiyaşar ideyaları Azərbaycan xalqının dəyərli sərvətidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın tərəqqisini təmin edib, torpaqlarımız işğaldan azad olunub və ölkəmiz möhtəşəm uğurlar qazanmaqdadır. Bu gün Ulu Öndərin ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.