Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Sahil İsgəndərov deyib.
O qeyd edib ki, Azərbaycan səbirlə bütün qonşuları ilə şaxələndirilmiş, balanslaşdırılmış siyasət yürüdür. Biz bütün ölkələr və təşkilatlarla bərabərhüquqlu şəkildə əlaqələr yaratmağın tərəfdarıyıq. Azərbaycan hazırda hansısa Qərb ölkələri və təşkilatları ilə əməkdaşlığın tamamilə dondurulmasını nəzərdən keçirmir. Sadəcə olaraq, gələcəkdə Azərbaycan Avropa ölkələri ilə ikitərəfli əməkdaşlığa daha çox üstünlük verəcək. Azərbaycanın atacağı bütün addımlar və xarici siyasət kursu bizə qarşı sərgilənən mövqeyə simmetrik olacaq. Kim özünü necə aparacaqsa, bizim tərəfimizdən də adekvat reaksiya görəcəkdir. Bizi Qərb təşkilatları öz ailələrinin tamhüquqlu üzvü kimi gözləmirlər. Görünür, onlar bəzi postsovet ölkələrinin həmin təşkilatlara boyun əyməsinin eyforiyasına qapılıblar. Düşünürlər ki, Azərbaycan da məhz özünü belə aparacaq. Əslində, son 30 ilin hadisələri göstərdi ki, Qərb təşkilatlarının demokratik dəyərlərdən anlayışı yoxdur. Demokratiya anlayışı məqsədlərinə çatmaq üçün yaxşı bir alətdir. Azərbaycanın qətiyyətli mövqeyi, öz dövlət maraqlarını sonadək müdafiə etməsi Qərb qurumlarını əsaslı şəkildə qıcıqlandırır. Onların ailənin kiçik üzvü qismində bizi görmək istəmələri cəhdi yanlışdır. Biz yalnız hansısa bir ailənin ancaq tamhüquqlu üzvü ola bilərik.
“Azərbaycanın xarici siyasət kursunda bundan sonra vacib qurum Türk Dövlətləri Təşkilatıdır (TDT). Dövlət başçısı da çıxışında bu təşkilatın Azərbaycan üçün önəmini və qurumun inkişafı üçün konkret fəaliyyət istiqamətləri ortaya qoydu. Hesab edirəm ki, bu qurumun daha da inkişaf etməsi üçün həm Azərbaycan, həm də təşkilatın digər üzvləri tərəfindən konkret işlər görülməlidir. TDT-nin İttifaq səviyyəsinə gətirilib çıxarılmasına nail olmaq lazımdır. Çünki TDT Avrasiya məkanında çox önəmli aktora çevrilib. Bu məkan böyük bir coğrafiyadır, hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc və artan əhalidir. Bu kontekstdən yanaşdıqda Avropa təşkilatları çoxdan qocalıb. Türk dünyası isə geosiyasi baxımdan dünyanın ən önəmli məkanlarından birinə çevrilməkdədir. Avrasiya coğrafi məkanında məhz bu təşkilat öz sözünü deməlidir”, – deyə S.İsgəndərov vurğulayıb.
Avrasiya məkanı üzərində gedən mübarizənin bütün dövrlərdə aktual olduğunu xatırladan politoloq əlavə edib: “Hazırda Rusiya-Qərb qarşıdurmasında əsas amil Avrasiya məkanında hegemonluq uğrunda gedən mübarizəyə əsaslanır. Avrasiya məkanı iqtisadi potensial baxımından böyük bir coğrafiya olmaqla yanaşı, təbii sərvətlərinin zənginliyi ilə dünyada qabaqcıl yerlərdən birini tutur. Çünki əsrlər boyu Avrasiya regionunun resursları uğrunda bir sıra dövlətlər arasında mübarizə gedib”.