Mədəniyyət Nazirliyinin dəstəyi ilə istedadlı gənc dizayner Qalib Həsənov Milan Moda Həftəsində (Milan Fashion Week – 2025) ölkəmizi uğurla təmsil edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, onun bu nüfuzlu tədbirdə İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin də dəstəyi ilə “Institution” brendi altında təqdim etdiyi yeni kolleksiyası böyük maraq doğurub.
Onun təqdim etdiyi geyimlər klassik və futuristik üslubların harmoniyasını özündə birləşdirərək həm sənətsevərlərin, həm də moda ekspertlərinin diqqətini çəkib. Eyni zamanda kolleksiyada milli kimliyə vurğu edilməsi Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Milan Moda Həftəsi dünyanın ən nüfuzlu moda tədbirlərindən hesab olunur və bu platformada solo debüt etmək istənilən dizayner üçün böyük nailiyyətdir.