Türkmənistanda Beynəlxalq “Yüksək texnologiyalar və innovativ tərtibatlar” müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Beynəlxalq müsabiqənin laureatları arasında Azərbaycandan olan mütəxəssislər də var.
AZƏRTAC müsabiqənin təşkilatçılarının mətbuat xidmətinə istinadla xəbər verir ki, yekun nəticələrin elan edilməsi mərasimi Aşqabadda öz işinə başlayan “Qüdrətli dövlətin yeni dirçəlişi dövründə səhiyyə, təhsil və idman” sərgi və konfransı çərçivəsində Ticarət və Sənaye Palatasında keçirilib.
Müsabiqə bu ilin mart ayında Türkmənistan Elmlər Akademiyası, Təhsil Nazirliyi və Türkmənistanın Məhtimqulu adına Gənclər Təşkilatının Mərkəzi Şurası tərəfindən elan edilib. Ən çox tələb olunan istiqamətlər üzrə elmi işlərini və layihələrini Azərbaycan, Belarus, Vyetnam, Gürcüstan, Qazaxıstan, Çin, Malayziya, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistandan olan gənc alimlər, ixtiraçılar və mütəxəssislər təqdim ediblər.
Müsabiqənin nəticələrinə əsasən 45 qalib elan edilib. Yerlər aşağıdakı qaydada bölüşdürülüb: 22 nəfər III, 14 nəfər II və 9 nəfər I yeri tutub.