İyul 21, 2025-14:27
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

“AzərEnerji” Naxçıvan enerji sistemində yenidənqurmaya başladı

Naxçıvan Muxtar Respublikasında ötən əsrin 50-ci illərinin sonlarından istismarda olan hava elektrik verilişi xətlərinin “AzərEnerji” ASC tərəfindən sökülərək yenidən qurulmasına başlanılıb.

Qurumdan Teleqraf-a verilən məlumata görə, ilkin mərhələdə 110 kilovoltluq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” hava elektrik verilişi xətləri ikidövrəli olmaqla, ümumilikdə 68 km məsafədə yenidən çəkilir.

Xatırladaq ki, “Azərenerji” ASC tərəfindən Naxçıvan enerji sisteminin elektrik enerjisi generasiya və ötürücü infrastrukturlarının idarəedilməsi üçün Cəmiyyətin tərkibində “Naxçıvan Enerji” MMC təsis edilib, həmçinin “Naxçıvan Muxtar Respublikasının Elektroenergetika Strategiyası” hazırlanıb.

Strategiyada “2025-2027-ci illər üzrə Reabilitasiya və Yenidənqurma Tədbirləri” və “Strateji Baxış İstiqamətləri” müəyyən olunub.

Bu işlər çərçivəsində 110 kilovoltluq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” ötürmə xətlərinin yenidən çəkilməsi ilə yanaşı 154/110/10 kV-luq “Babək”, 110/35/10 kV-luq “Çeşməbasar” və 110/35/10 kV-luq “Naxçıvan” yarımstansiyaları müasir tələblərə uyğun olaraq tam şəkildə yenidən qurulacaq. Həmçinin, Naxçıvan Regional Rəqəmsal İdarəetmə və SCADA mərkəzi, eləcə də yardımçı texniki infrastrukturlar da yaradılacaq.

Qeyd edək ki, Naxçıvan ötürücü şəbəkəsində istismar müddətini çoxdan keçən xətlərdə həyata keçirilən işlər nəticəsində enerjinin ötürülmə qabiliyyətini yüksəltməklə yanaşı, enerji təchizatında baş verə biləcək nasazlıqların, qəzaların qarşısı alınacaq, dayanıqlığı və etibarlığı artırılacaq.