Bu gün “AzerGold” QSC, İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və Hindistanın “Devngi Innovations LLP” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Report” “AzerGold”a istinadən xəbər verir ki, sənədi qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov, AİŞ-in İcraçı direktoru Ülvi Mansurov və Hindistan şirkətinin səlahiyyətli nümayəndəsi Sanat Nareşkumar Vaviya imzalayıb.
Memorandumun əsas məqsədi Azərbaycan-Hindistan tərəfdaşlığı əsasında ölkəmizdə sintetik (süni) almaz sənayesi, təbii almaz emalı infrastrukturunun qurulması imkanlarının öyrənilməsi, birgə şirkətin yaradılması və fəaliyyətinin təşkil edilməsidir.
Z.İbrahimov qeyd edib ki, dünyada sintetik almaz istehsalı sahəsində aparıcı ölkə hesab edilən Hindistanla əməkdaşlıq şəraitində yeni istehsal infrastrukturunun qurulmasının ölkə iqtisadiyyatı üçün geniş perspektivlər vəd edir. O, təbii və sintetik almazların emalı proseslərinin oxşar olduğunu nəzərə alaraq, Azərbaycanın Kimberley Prosesinə üzv qəbul edilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edildiyini və həmin qurumların prosesə başladığını bildirib.
Ekologiya və təbii sərvətlər naziri, Azərbaycan və Hindistan arasında Ticarət, İqtisadi, Elmi və Texnoloji Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Muxtar Babayev isə ölkədə sintetik almaz sənayesinin, təbii almaz emalının təşkili istiqamətində qurulan əməkdaşlığın Azərbaycan və Hindistan arasında mövcud iqtisadi əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Tədbirdə həmçinin Ü.Mansurov, S.N.Vaviya,eləcə də Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov çıxış edərək, ilkin mərhələdə sintetik almaz istehsalı üzrə Ələtdə yaradılması nəzərdə tutulan birgə müəssisənin fəaliyyəti ilə Azərbaycan üçün ənənəvi olmayan sektorun təməlinin qoyulacağına diqqət çəkiblər.
“Devngi İnnovations LLP” sintetik almaz sənayesində geniş təcrübəyə malik olmaqla, CVD (kimyəvi buxarçökmə texnologiyası ilə yetişdirilən sintetik almazlar) almazlarının istehsalçısıdır.