Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, universitet rəhbərliyinin iştirakı ilə keçirilən dəyirmi masada əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tədris işləri üzrə prorektor professor Akif Qasımov qonaqlara universitet haqqında ətraflı məlumat verib. Universitet üçün keyfiyyət amilinin önəmliliyi və bu istiqamətdəki işlərin əhəmiyyətinə diqqət çəkən prorektor qeyd edib ki, beynəlmiləlləşmək, qabaqcıl reytinqlərdə təmsil olunmaq və tədrisi beynəlxalq standartlara daha da uyğunlaşdırmaq AzMİU-nun əsas hədəflərindəndir.
Alina Jumaqulova rəhbərlik etdiyi agentlik, təhsil proqramlarının beynəlxalq akkreditasiyası üçün IAAR-in meyarları haqqında məlumat verib. Bildirib ki, IAAR Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyanın (ENQA) akkreditasiyasından keçmiş təşkilatdır və agentlikdə meyarlar beynəlxalq standartların tələbinə uyğun olaraq müəyyən edilib.
Qeyd edək ki, AZMİU-nun strateji inkişaf planında ali təhsilin beynəlmiləlləşməsinə nail olmaq üçün təhsil proqramlarının beynəlxalq akkreditasiyasının keçirilməsi məsələsi nəzərdə tutulub.