Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elm və innovasiya işləri üzrə prorektoru professor Nigar Aslanova Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetində olub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, professor Nigar Aslanova Avrasiya Milli Universitetinin Fundamental riyaziyyat kafedrasında təşkil olunan elmi seminarda məruzə ilə çıxış edərək son elmi nəticələrini qazaxıstanlı alimlərə təqdim edib. Seminarda qazaxıstanlı akademiklər, elm adamları və kafedranın professor-müəllim heyəti iştirak ediblər.
Fizika-riyaziyyat elmləri doktoru, Avrasiya Milli Universitetinin professoru Kordon Omarov çıxış edərək elmi məruzəni yüksək qiymətləndirib və alimə gələcək fəaliyyətində uğurlar arzulayıb. Eyni zamanda, seminarda əlaqələrin gücləndirilməsi, elmi nəticələrlə bağlı mütəmadi fikir mübadiləsinin həyata keçirilməsi ilə bağlı tövsiyələr səsləndirilib.
Professor Nigar Aslanova, həmçinin Avrasiya Milli Universitetinin Mexanika və riyaziyyat, Memarlıq və inşaat fakültələrinin dekanları, kafedra müdirləri və professor-müəllim heyəti ilə görüşlər keçirib. Görüşlərdə AzMİU ilə Avrasiya Milli Universiteti arasında elmi və potensial əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Müzakirələrin nəticəsi olaraq Avrasiya Milli Universitetinin Memarlıq və inşaat fakültəsi ilə AzMİU-nun Memarlıq və İnşaat fakültələri arasında elmi əməkdaşlıq memorandumunun hazırlanmasına dair ilkin razılıq əldə edilib.
Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada yerləşən Avrasiya Milli Universiteti 1996-cı ildə Tselinoqrad İnşaat İnstitutu və Tselinoqrad Pedaqoji İnstitutunun birləşməsi əsasında qurulub. Universitetdə 65 bakalavr, 68 magistratura və 38 doktorantura ixtisası üzrə mütəxəssis hazırlanır.
Avrasiya Milli Universiteti “QS World University Ranking” üzrə 355, “QS Emerging Europe and Central Asia University Ranking” üzrə isə 2-ci yerdə qərarlaşıb.