Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun direktoru professor Bəxtiyar Məmmədovun, Hеtеrоtsiklik monomerlər laboratoriyasının müdiri dosent Məhruzə Şatirova və laboratoriyanın aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Aynur Qarayevanın həmmüəllifi olduqları “Azot tərkibli beşüzvlü heterotsiklik birləşmələr (pirrol, pirazol və pirazolin törəmələri)” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada pirrol, pirazol və pirazolinlərin doymamış ketonlar və onların halogenli törəmələri əsasında sintezi sahəsində aparılan tədqiqat işləri ümumiləşdirilib. Həyata keçirilən bir sıra kimyəvi çevrilmələr nəticəsində alınan müxtəlif törəmələrin tərkibləri və quruluşları müasir fiziki-kimyəvi analiz üsulları ilə təyin edilib, sintez olunan bəzi birləşmələrin bioloji fəallıqlarının təyini istiqamətində əldə olunan məlumatlar təhlil edilib və sistemləşdirilib. Monoqrafiya azotlu üzvi birləşmələr kimyası sahəsində çalışan mütəxəssislər, bu sahədə təhsil alan doktorant, dissertant, magistrant və ali məktəb tələbələri üçün nəzərdə tutulub.
Kitabın elmi redaktoru professor Eldar Məmmədbəylidir. Dörd fəsildən ibarət monoqrafiya Polimer Materialları İnstitutunun Elmi şurasının qərarına əsasən çap olunub.