Avqust ayında Vaşinqtonda baş verən hadisələr, xüsusilə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan saziş təkcə prezidentlər üçün deyil, həm də bütün iştirakçı ölkələrin nüfuzu üçün mühüm nailiyyət olub.
“Report” xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda “Gələcək karyeralar: necə aktual, hazır və tələb olunan qalmaq olar” mövzusunda keçirilən panel müzakirələrdə bildirib.
“Azərbaycanın yeni səviyyəyə çıxarılmasından danışsaq, xüsusilə də biznes, ixrac, investisiya sahələrindən – baş verən proseslər bizi yeni şirkətlərin və investorların cəlb edilməsi baxımından çox əlverişli mövqeyə gətirib”, – o vurğulayıb.
Y.Abdullayev qeyd edib ki, azad edilmiş ərazilər logistika və beynəlxalq əlaqələrin inkişafında böyük perspektivlər açır. Lakin, onun sözlərinə görə, bu gün ölkə investisiyaların təşviqi sahəsində mütəxəssis çatışmazlığı ilə üzləşir.
“Bu çox maraqlı, lakin emosional baxımdan zəngin bir işdir. Tərəfdaşları Azərbaycana gəlməyə, burada əməkdaşlığa başlamağa inandırmaq lazımdır. Lakin onları sadəcə cəlb etmək kifayət deyil – investorların ölkə daxilindəki fəaliyyətini müşayiət etmək və dəstəkləmək vacibdir. Bu kontekstdə “soft skills”, xarici dillərin bilinməsi və logistik səriştələrin inkişafı tələb olunur”, – AZPROMO-nun rəhbəri qeyd edib.
O əlavə edib ki, rus dili regionda əsas biznes ünsiyyət vasitələrindən biri olaraq qalır, lakin ingilis dili ilə yanaşı, çin, fransız və alman dilləri də getdikcə populyarlıq qazanır: “Bu dillər tələb olunur. Çünki Çin investisiya sahəsində böyük ümidlər bəslədiyimiz əsas tərəfdaşlardan biridir. Eyni zamanda, logistika ingilis dilli dünya üçün, o cümlədən “Tramp yolu” adlanan istiqamət üzrə yeni imkanlar açır. Biz Avropa və ABŞ tərəfindən artan marağı müşahidə edirik. ABŞ, şübhəsiz ki, gələcəkdə əsas tərəfdaşlarımızdan birinə çevrilə bilər”.