Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə Fələstin prezidenti Mahmud Abbasa teleqram göndərərək, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin vəfatı ilə bağlı başsağlığı verib. Bu barədə cümə günü Bəhreyn Xəbər Agentliyi məlumat yayıb.
Agentlik yazır ki, teleqramda kral “qanuni hüquqlarını əldə etmək və iki dövlətli həll yoluna əsaslanan müstəqil milli dövlət yaratmaq üçün Fələstin birliyi və həmrəyliyinin vacibliyini” qeyd edib. Bundan əvvəl krallığın nümayəndələri HƏMAS liderinin öldürülməsi ilə bağlı heç bir açıqlama verməyiblər.
İsraillə diplomatik əlaqələri olan Bəhreyn HƏMAS-ın yəhudi dövlətinə hücumunu pisləyən azsaylı ərəb ölkələrindən biridir. Xüsusilə, Bəhreynin Vəliəhdi Salman bin Həməd Əl Xəlifə 2023-cü ilin noyabrında Manama Dialoq forumunda çıxış edərək, HƏMAS-ın hərəkətlərini “barbarcasına terror hücumları” adlandırıb və Qəzza zolağında saxlanılan girovların azad edilməsinə çağırıb.