Dini Qurumlarla iş üzrə Dövlət komitəsi Bərdə rayonunda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans keçirib.
“Report”un xəbərinə görə, toplantıda Dövlət Komitəsi və Bərdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və digər qurumların rəsmi şəxsləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Baş prokurorluğun nümayəndəsi Asim Yusifov, Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Ramazan Hüseynov din sahəsində mövcud olan problemlər, dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə öz çıxışlarında bildiriblər.
Natiqlər, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, müxtəlif dinlərə və məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinin daha da gücləndirilməsi məqsədi ilə keçirilən silsilə tədbirlər barədə məlumat verilib.