Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Adil Bəbirovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Adil Bəbirovun həyat və yaradıcılıq yolu haqqında məruzə ilə çıxış edib. O vurğulayıb: “Adil Bəbirov Qara Qarayevin sinfində oxuyanda istedadı və estetik dünyagörüşü ilə tələbələr arasında seçilirdi”.
Xatirə gecəsində bəstəkar və musiqi tədqiqatçısı Şahin Qarayev, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, Əməkdar artist, bəstəkar, professor Məmmədağa Umudov çıxış edərək Adil Bəbirovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında və zənginləşməsində əvəzsiz xidmətlərindən danışıblar. Bütün təqdimatlar slaydlar ilə müşayiət olunub.
Alla Bayramova AZƏRTAC-ın müxbirinə müsahibəsində bəstəkarın xatirəsinə həsr olunmuş gecənin əhəmiyyətini vurğulayıb: “Musiqi Mədəniyyəti Dövlət Muzeyi ənənəvi olaraq Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələrinin – bəstəkarların, ifaçıların, pianoçuların və digər xadimlərin əlamətdar tarixlərini, yubileylərini qeyd edir. Təbii ki, Qara Qarayevin 50-yə yaxın tələbəsindən biri, görkəmli Azərbaycan bəstəkarı Adil Bəbirovun 90 illik yubileyini də diqqətdən kənarda qoya bilməzdik.
Tədbir Qara Qarayevin ev-muzeyində keçirilə bilərdi. Biz burada təkcə Qara Qarayevin özünə deyil, həm də onun tələbələrinə həsr olunmuş çoxsaylı yaradıcılıq gecəsi keçirmişik. Lakin Adil Bəbirov uzun müddət xaricdə yaşadığından və əvvəllər yaradıcılıq gecələri təşkil etmək imkanımız olmadığından, yubiley tədbirinin Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əsas binasında keçirilməsi qərara alınıb. Bu, onun yaradıcılığının pərəstişkarlarının, mahnı və əsərlərinin həvəskarlarının daha çox hissəsini yerləşdirməyə, həmçinin bəstəkarın mahnı və instrumental əsərlərindən ibarət xüsusi proqram hazırlayan muzeyimizin Qədim Musiqi Alətləri Ansamblı üçün geniş məkan ayırmağa imkan verdi”.
Bundan əlavə, Adil Bəbirovun Kanadada yaşayan qohumları da videomüraciət göndəriblər.
“Bu gün onun yaxınları, o cümlədən qardaşı qızı, musiqi sənəti xadimləri, Bəstəkarlar İttifaqının, musiqi təhsili müəssisələrinin nümayəndələri, eləcə də yaradıcılığının pərəstişkarları buraya toplaşıblar”, – deyə Alla Bayramova diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində muzeyin Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifov), Xalq artisti Teyyub Aslanovun, Əməkdar artistlər Nuriyyə Hüseynovanın, Davud Abdullayevin (tar) və digərlərinin ifasında Adil Bəbirovun əsərləri səsləndirilib.
Eyni zamanda, Xalq artisti Teymur Göyçayevin idarəçiliyi ilə Qara Qarayev adına Kamera Orkestrinin ifasında “Skripka və orkestr üçün dilogiya” əsərindən videofraqment nümayiş etdirilib.
Tədbirin sonunda Adil Bəbirovun qızı Aytən Bəbirova öz videomüraciətində Musiqi Mədəniyyəti Dövlət Muzeyinə və bütün iştirakçılara təşəkkürünü bildirib.