Sentyabr 16, 2025-2:25
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

“Azəripək” durğunluq dövründə – Yeni müqavilələr şirkəti xilas edəcəkmi?

“Azəripək” ASC son iki ayda yerli və xarici şirkətlərlə bir neçə müqavilə imzalayıb.

Teleqraf xəbə verir ki, qurumun iyunun 4-də Çinin “Hangzhou Retex Textile Machinery Imp& Exp Co., Ltd” şirkəti ilə imzaladığı baramaaçan sexi və istehsalat avadanlıqlarına ehtiyyat hissələrinin alınması ilə bağlı müqaviləsinin dəyəri 39 min 604,9 manat olub.

8.496 manatlıq konifol yapışqan maddəsinin alınması üçün “Miva Consulting” MMC ilə müqavilə imzalanıb.

“Qarabağ-2020” MMC ilə dəftərxana ləvazimatlarının alınması məqsədilə bağlanan müqavilənin dəyəri isə 1.109,99 manat olub.

Qurum eyni zamanda “Asmart” MMC ilə cib ipək dəsmalı və kəlağayı kompozisiyasının yaradılması ilə əlaqədar dizayn xidmətinin satın alınması ilə bağlı 19 min 260 manatlıq müqavilə bağlayıb. Qeyd olunan son 3 müqavilənin hər biri avqustun 29-da bağlanıb.

Qeyd edək ki, “Azəripək” ASC ötən ilin dekabr ayında ixracını dayandırıb. Ötən il üzrə ümumi ixrac 588 min dollar təşkil edib. 2023-cü ildə isə bu rəqəm 1,7 milyon dollar olub. Beləliklə, 2024-cü ildə “Azəripəy”in ixracı 1,1 milyon dollar və ya 2,9 dəfə azalıb. Şirkətdə ötən ildən başlayan durğunluq bu il də davam edib.

Belə ki, cari ilin birinci rübündə Azərbaycandan ipək ixracı reallaşmayıb. Aprel ayından isə vəziyyət dəyişib: apreldə 7,73, mayda 219.47, iyun və iyul ayında isə 374.41 min ABŞ dolları dəyərində ipək ixrac edilib. İpəyin idxalında isə 30%-ə yaxın artım olub. Cari ilin ilk 7 ayında ölkəyə 55.24 min dollar (2024-cü ildə 42.64 min dollar) dəyərində məhsul idxal edilib.

İxracda “Azəripəy”in payının nə qədər olduğu və ya iştirakı məlum deyil. Lakin qurumun son iki ayda imzaladığı müqavilələr göstərir ki, bazardakı mövqeyini bərpa etməyə çalışır.

Xatırladaq ki, “Azəripək” ASC-nin daxil olduğu “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib. ASC-nin tərkibindəki üç müəssisə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

“Azəripək” tərkibində olduğu qurum ləğv edildikdən sonra hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətdən Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Eləcə də müəssisənin direktoru Səməd Nəbiyev işdən azad edilib. Şirkətə rəhbərlik Anar Dadaşevə həvalə olunub. ASC-nin nizamnamə kapitalı 11 milyon 703 min 379 manatdan 14 milyon 856 min 668 manata çatdırılıb.

Onu da qeyd edək ki, “Azəripək” ASC 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı və burucu sex daxildir. Müəssisənin istehsal etdiyi məhsullar əsasən Rusiya, Türkiyə və İrana ixrac olunur.