SOCAR-ın Bakı Ali Neft Məktəbindən (BANM) AZƏRTAC-a bildirilib ki, BANM-in kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Fatimə Məmmədova Prezident mükafatına layiq görülən gənclər arasında yer alıb.
Fatimə Məmmədova Bakı Ali Neft Məktəbinin fəal tələbələrindəndir.
O, “SOCAR Türkiyə” və bp-də proses mühəndisi olaraq təcrübə keçib, mübadilə proqramı çərçivəsində Türkiyənin Orta Doğu Texniki Universitetində bir semestr təhsil alıb.
Onun təmsil olunduğu BANM-in komandası Bakıda ilk dəfə keçirilən Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı – “TEKNOFEST” yarışmasında “Yaşıl texnologiyalar” kateqoriyasında I yerə layiq görülüb və “TEKNOFEST Türkiyə”də layihəni tanıtmaq imkanı əldə edib. Komanda eyni layihə ilə regionlar üzrə keçirilən “ClimateLaunchPad” yarışmasında 3-cü yerə layiq görülüb, “The Black Sea Universities Network (BSUN)” yarışmasında qalib olub. 2023-cü ildə bu layihə KOBİA tərəfindən maliyyələşdirilib.