İndiyədək 2-6 oktyabrda Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün 4 mindən çox nümayəndə qeydiyyatdan keçib. İştirakçıların sayı gündən-günə sürətlə artır. Biz bu Konqresdə təxminən 5 minədək iştirakçı gözləyirik.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”un) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
S.Əsədov qeyd edib ki, Bakı Beynəlxalq Astronavtika Konqresinin ali qonaqları sırasında dünyanın aparıcı kosmik ölkələrinin Kosmik agentliklərinin rəhbərləri, həmçinin kosmosla bağlı beynəlxalq təşkilatların rəhbərləri, universitetlərin məsul şəxsləri var.
“Kosmos sahəsi daima dinamik inkişaf edən və dəyişən bir sahədir. Burada, demək olar ki, hər gün yeniliklər baş verir. Bakı Astronavtika Konqresinin plenar proqramı kifayət qədər zəngindir. Üzümüzə gələn həftə ərzində 190-dan çox texniki plenar və xüsusi sessiyaları keçiriləcək. Bu sessiyaların hər birində kosmosla bağlı müxtəlif yeniliklər müzakirə olunacaq. Burada istər Ay missiyaları, Hindistanın aerokosmik gəmisinin Ayın səthinə enməsi, istər Mars missiyaları, Space X şirkətinin “Star ship” raketinin yenidən ikinci dəfə test uçuşu, o cümlədən müxtəlif ölkələrin bu sahədə nailiyyətləri, kosmosun dərinliklərinin elmi araşdırmaları ətrafında müxtəlif müzakirələr aparılacaq”, – deyə S.Əsədov əlavə edib.