Macarıstanda işgüzar səfərdə olan Bakı Dövlət Sirkinin direktor əvəzi Nahid Ağayevlə Budapeşt Sirkinin direktoru Peter Fekete arasında yeni əməkdaşlıq məsələləri müzakirə olunub. Danışıqlar zamanı yüngül konstruksiyalı sirk-şapitonun ölkəmizə gətirilməsi xüsusi olaraq vurğulanıb.
Bakı Dövlət Sirkindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki sirk arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Əməkdaşlıq müqaviləsində Budapeşt sirk məktəbinin Bakıda fəaliyyətinə dair təcrübə mübadiləsi də xüsusi bəndlə qeyd olunub.
Səfər çərçivəsində Budapeşt sirk məktəbində təlim-tədris və yaradıcılıq işlərinə baxış keçirilib. Həmin təcrübənin Bakı Dövlət Sirkində tətbiq olunmasına dair müzakirələr aparılıb.
Bundan başqa, Budapeşt Sirkinin təcrübəsindən istifadə edilərək şapitonun Bakıda qurulması ilə bağlı zəruri logistik məsələlərin həllinə dəstək verilməsi müzakirə edilib. Şapiton yaxın zamanda Bakıya gətiriləcək.
Peter Fekete bildirib ki, Bakı Dövlət Sirki ilə qurulan sıx əməkdaşlıq münasibətləri nəticəsində Budapeşt Sirkinə məxsus proqramların Azərbaycanda nümayiş olunması əsas hədəflərdəndir.