AZƏRTAC xəbər verir ki, dünyanın bir çox ölkələrində tanınan kukla ustası Bakıya filiqran quruluşu ilə tamaşaçıları valeh edən marionet kuklalar kolleksiyasını gətirib. Bakı Marionet Teatrının qurucusu və rəhbəri Tərlan Qorçu qeyd edib ki, kuklalarla ən mükəmməl səviyyədə tanış olmaları üçün ekspozisiyanı xüsusi olaraq tamaşaçılara daha yaxın ediblər. Bu kuklalar artıq incəsənətdə öz yerini tapıb və onların kökü Qədim Misir və Qədim Yunanıstana gedib çıxır.
Bu gün öz əhəmiyyətini itirməyən marionetlər, əvvəllər olduğu kimi, indi də müəyyən fəlsəfi missiya daşıyır. Bu səbəbdən sərgi məkanı tamaşaçıları sanki mübhəm ab-havaya, uşaqlıq illərinin xatirələrinə, sehrbazlıq aləminə aparır… Ona görə də marionetlərin yaradılması sənəti ətraf mühitə məxsusi baxışın ən yüksək formasıdır.
Gürcü rəssam sərginin açılışında iştirakçıları salamlayaraq bildirib ki, hər şeydən əvvəl dostu Tərlan Qorçuya və onu əhatə edən insanlara minnətdardır. O, həmçinin qeyd edib ki, işıqlı, gözəl və xeyirxah məkan olan Bakı Marionet Teatrı ilə fəxr edir. Bakıya yollanan bütün dostlarına bu teatra baş çəkməyi tövsiyə edir. Axı bu incəsənət məkanı təkcə özünün quruluşları və ab-havası ilə maraq kəsb etmir. Başlıcası, bu emosiyaları teatrdan kənara da çıxarmaq olar. Məsələn, Baçana bildirib ki, onun yaradılmasına bilavasitə aidiyyəti olduğu kuklalarla olan tamaşaya baxdıqdan sonra yaşamağın gözəl olduğu qənaətini bir daha hasil edib. Axı bu incəsənət insanlara çoxlu sevinc gətirir.
Usta, həmçinin AZƏRTAC-ın müxbirini suallarını cavablandırıb.
-Kuklalar daha çox maraq doğurur, yoxsa insanlar?
-İnsanlar!
-Kuklaları yaradan zaman siz hansısa insanları nəzərdə tutursunuz?
-Bilirsiniz, bütün bunlar birmənalı deyil. Mən həmişə deyirəm ki, hər hansı şəhərin albomu hazırlananda və arxitekturası çəkiləndə, həmin şəkillərdə bəzən mənim üçün nə isə çatışmır. Məhz insanlar çatışmır. Çünki istənilən şəhəri insansız təsəvvür etmək olmaz! Məhz onlar sonradan başqa obrazlara çevrilirlər. Ümumilikdə, bütün hallarda, həmişə insan faktoru öndə gəlir!
-Marionetlər adətən insan taleyinin də ipdən sallandığına işarət edir. Həmin iplər onu bu və ya digər istiqamətə aparır.
-Bu, marionetlərə aid edilən ən çox yayılmış fəlsəfi düşüncədir. Amma onlar hər şeydən əvvəl təsviri sənət əşyasıdır. Heykəltəraşlığa daha yaxındır. Gəncliyində marionetlər mənim üçün eksperimental əşya, tədqiqat mənbəyi idi…
-Niyə məhz marionetlər? Axı kukla sənəti kifayət qədər genişdir…
-Bunun səbəbləri çoxdur… Onlar sonradan bir-birinin ardınca düzülür, amma belə olan halda müəyyən təsadüflər də baş verə bilər. Onlar daha sonra dərinliyə vara bilər. Kiçik nümunə: Tərlan gördü ki, mən qısa mətndə hər şeyin necə başlandığını ifadə etmişəm. Onun fikrincə, burada müəyyən məqamlar bəzi insanlar üçün aydın olmayacaq. Mənim zənnimcə, bizim anladığımız hər şeyi başqaları da müəyyən dərəcədə başa düşə bilər. Axı biz bir-birimizlə əlaqəliyik. Rezo Qabriadze ilə dostluğumuz da mənim kuklaçı işlədiyim teatrda belə başlayıb, Tərlan isə tamaşaya quruluş vermək üçün dəvət olunmuşdu. Beləliklə, hər hansı təsadüflər taleyüklü hadisələrin səbəbi ola bilər.
-Kuklaların milliyyəti olurmu?
-Bu, mürəkkəb sualdır… Çünki Yaradanın sayəsində insan öz ölkəsini, xalqını qavraya bilirsə, tamamilə əminəm ki, o, başqa xalqlarla bağlı bilikləri tam şəkildə mənimsəyə bilmir. Ona görə də Tərlan üçün kuklalar yaratdıqda, antik dövrün ümumi şəkildə qəbul edilmiş qaydalarını əsas götürdük. Yəni, bu sonuncu amil Şərqlə bağlıdır və nəticədə, tamamilə gözəl bir kukla alınır.
-Əfsanələrə görə, insanın nəzərindən qıraqda qalan kuklalar öz həyatlarını yaşa bilərlər…
-Tanrıya inanan bir insan kimi deyə bilərəm ki, sözlər də kitablarda yaşayır. Məndə həmişə belə təəssürat olub ki, kitabları açdıqda sözlərlə görüşə bilərəm. Beləliklə, ola bilər ki, kuklaların həyatı ilə bağlı söz-söhbətlər tamamilə təbiidir (gülür).
-Sizin Tərlan Qorçu ilə dostluğunuz sanki Gürcüstan ilə Azərbaycan arasında dostluq münasibətlərini təcəssüm etdirir.
-Düzü desək, bu aspekt mənim üçün çox həssasdır. Çünki bu və ya başqa dərəcədə biz həmin qarşılıqlı münasibətlərin dərinliyini əks etdiririk. Bütün bunlar dənizdə bir damla kimidir, hər bir insanda və hər hansı dostluq təzahüründə qarşılıqlı anlaşmanın, dəstəyin, mehriban qonşuluğun və bir çox başqa incəliklərin əhəmiyyəti görünür. Biz onunla 40 ildən çoxdur dostluq ediriksə, kuklalar üzrə əməkdaşlığımız bir ildən bir az artıqdır. Qalan vaxt ərzində biz məhz dost olmuşuq. Bir-birimizi dərk etməyə çalışırdıq. Ailələrimiz və uşaqlarımız da bir zamanlar başlayan dostluğumuzu möhkəmləndirməkdə davam edirlər. Bu, təkcə yaradıcılıqla səciyyələnmir…
-Sərgi “Dialoq” adını daşıyır…
-Tamamilə doğrudur! Axı incəsənət özü də daimi dialoqdur. İstənilən halda və təzahürdə… Bu adı seçdiyində, yanılmamışıq.
-Kuklalar nədən danışa bilər?
-İstənilən mövzuda! İlk növbədə, biz incəsənətdən danışırıq. Marionetlər isə onun bir az spesifik formasıdır. Ola bilər ki, musiqi və ya rəssamlıq kimi o qədər də populyar deyil, amma gözəlliyə xidmət edir. Sonra isə istədiyiniz qədər dərinliyə gedə bilərsiniz. Əgər belə imkan mövcuddursa. İncəsənət yaxşıdırsa, ona diqqət də böyük olur. Əks halda, insan gördüklərinə biganə qalır.
-Bu, sizin Bakıya ilk səfəriniz deyil…
-Sərgi iştirakçısı kimi birinci səfərimdir. Tanrıya şükür olsun ki, bu səfər belə gözəl yerdə baş verir. Çünki yaxşı olan hər şey yekunda yüksək təəssürat doğurur.
-Siz öz yaradıcılıq yolunuza məhz bu məqamda yekun vurmaq qərarına gəldiniz?
-Yəqin ki, belədir. Bu, ciddidir… Demək ki, bizi irəlidə mütləq yaxşı bir şey gözləyir. Düşünürəm ki, biz mükəmməl işlər görəcəyik!.