Paytaxtda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfransıdır.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan bu təşkilat yaradıldığı vaxtdan bəri bütün dünyada iqtisadi təşəbbüslərin təşviqi üçün qlobal bir platformaya çevrilib və iqlim dəyişikliyindən əziyyət çəkən insanlar üçün bir ümid mənbəyi olub:
“Sizin iştirakınız tarixi araşdırmaya, akademik dürüstlüyə və insan ləyaqətinin yüksəldilməsinə olan ortaq öhdəliyi əks etdirir. Bu gün keçirilən konfrans əvvəlki konfranslarımızdan bir neçə cəhətdən fərqlənir. Xüsusilə də, qonaqlarımızın müstəmləkəçiliyin acınacaqlı vəziyyətinə elmi yanaşması və bu məsələni beynəlxalq təşkilatlar prizmasından dəyərləndirməsi baxımından. Bildiyiniz kimi, təzyiq altında yaşayan bir çox nümayəndə Müxalifət Hərəkatı platformasından istifadə edərək öz mövqelərini və səslərini, eləcə də müstəmləkə siyasətinin ağır nəticələrini beynəlxalq ictimaiyyətə çatdırıblar. Bu dəfə isə söz professorlara çatıb. Üstəlik, bizim xüsusi üstünlüyümüz ondadır ki, bəzi dəvət olunmuş qonaqlar bu məsələdə BMT-nin müvafiq strukturlarında bilavasitə iştirak edirlər. Amma bu, təkcə akademik maraq predmeti deyil. Bu, müasir inanclar baxımından da təcili bir məsələdir”.
Abbas Abbasov bildirib ki, dünya müstəmləkəçiliyin ədalətsizliyini tanımaq baxımından əhəmiyyətli irəliləyiş əldə etsə də, biz özümüzü inandırmamalıyıq ki, müstəmləkəçilik artıq keçmişin məsələsidir.
“Əksinə, biz bu gün də müxtəlif regionlarda, bəzən siyasi və digər kanallar vasitəsilə, eləcə də iqtisadi, maliyyə, mədəni və hüquqi strukturlarda, daxili şəkildə qəbul olunmuş hökmranlıq və asılılıq formalarında müstəmləkə siyasətinin təzahürlərini görməkdəyik. Son iki il ərzində biz Quadalupe, Mayotta, Yamayka, Fransız Qvianası, Reyunion, Korsika, Martiniq və digər müstəmləkə müharibələrinin dayandırılması ilə bağlı təxminən 30 beynəlxalq tədbir təşkil etmişik”, – deyə A.Abbasov əlavə edib.
Elmi konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də millət vəkilləri iştirak edir.
Tədbirdə müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirtdikləri siyasət, tətbiq olunan ayrı-seçkilik metodları, habelə neokolonializmin tərkib hissəsi olan tətbiq edilən siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, milli kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında dərindən təhlil olunur.
Beynəlxalq hüququn, habelə BMT qətnamələrinin tələbi olan dekolonizasiya prosesinin yekunlaşdırılmasının kolonial güclər tərəfindən qarşısının alınması və bu kontekstdə beynəlxalq təşkilatlar çərçivəsində mövcud imkanlardan istifadə, təsirli mexanizmlərin həyata keçirilməsi, həmçinin sistemli bərabərsizliklərin beynəlxalq təşkilatlar səviyyəsində həlli yolları müzakirə olunacaq.