Bir şəxsi qəsdən öldürməkdə, bir şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq yekunlaşıb.
Nəsimi rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, martın 16-da Cəsarət Vəliyevin qəsdən öldürülməsi, Camal Həsənovun isə müxtəlif xəsarətlər alması faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla Orxan Zeynalovun tanışı İlqar Abdurahmanovla bir qrup şəxs halında qeyd edilən tarixdə paytaxtın Nəsimi rayonunda yerləşən restoranların birində Cəsarət Vəliyevi bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə, Camal Həsənovu isə eyni niyyətlə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Orxan Zeynalov və İlqar Abdurahmanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, martın 16-sı saat 03 radələrində 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarətlə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilməsi, 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin isə həmin xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı Camal Həsənov və Cəsarət Vəliyevin “20 yanvar” metrostansiyasının yaxınlığında yerləşən restoranlardan birində birgə yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı onlara kəsici deşiyi alətlə xəsarət yetirilməsi və Cəsarət Vəliyevin aldığı xəsarət nəticəsində xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə zamanı öldürülən 1988-ci il təvəllüdlü Vəliyev Cəsarət Baxış oğlu və xəsarət alan 1994-cü il təvəllüdlü Həsənov Camal Hafiz oğlu Dövlət Sərhəd Xidmətinin əməkdaşları olub. Baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.