Oktyabrın 27-də “Balans Media”nın təşəbbüsü, Səbail Rayon Veteranlar Birliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunan “Şəhid həkimlər” filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Şəhid həkimlər” filmi nümayiş olunub.
Ekran işində Vətən müharibəsi zamanı ön və arxa cəbhədə yaralı əsgər və zabitlərimizə ilkin tibbi xidmət göstərən, onlarla birlikdə düşmənlə mübarizə apararaq qəhrəmancasına həlak olan şəhid həkimlərimizdən bəhs olunur.
Film tibb bacısı Arəstə Baxışova, tibb xidməti leytenantı Turqut Xəlilbəyli, tibb baş leytenantı Şöhrət Qasımov və gizir həkim Eldar Abdullayevə həsr olunub. Həmçinin hər 4 şəhid həkimin ailə üzvləri, yaxınları onlarla bağlı xatirələrini bölüşüb, qəhrəman həkimlərimizin Vətən müharibəsi zamanı göstərdikləri şücaətdən söz açıblar.
Filmin ssenari müəllifi və rejissoru Azərbaycan Televiziyasının əməkdaşı Gülüstan Əkbər, televiziyanın quruluşçu operatoru Ramil Qoca, montaj rejissoru Ədil Sadıqli, redaktoru Cuma Əzizdir.
Təqdimat mərasimində həkim şəhidlərin ailə üzvləri, həmkarları, döyüş yoldaşları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.