Bakıdakı Rus evində Müəllimlər Günü “Çox sağ olun, müəllimlər!” adlı bayram konserti ilə qeyd edilib. Tədbirin solistləri Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gəncliyə dəstək” layihəsinin iştirakçıları olublar.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə Respublika və beynəlxaq müsabiqələrin laureatları Fərəh Əliyeva (fortepiano), İbrahim Abbasov (tar), Ayşən Umudova (fortepiano), Yasəmən Umudova (fortepiano), Nuray Cəbizadə (fortepiano), Nailə Növrəsli (vokal), Mələk Həsənli (piano), Adnan Kərimli (zərb alətləri), Cəlalə İsmayılzadə (violonçel), Mirşah Növrəsli (vokal) və digərləri çıxış ediblər.
Proqramda Fikrət Əmirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Müslüm Maqomayev, Vaqif Mustafazadə, İohann Ştraus, Yan Sibeliusun və başqalarının əsərləri səsləndirilib.
Xatırladaq ki, “Gəncliyə dəstək” layihəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanda gənc istedadların aşkar edilməsi və dəstəklənməsidir. Layihənin ideya müəllifi və bədii rəhbəri Filarmoniyanın direktoru Murad Adıgözəlzadə, koordinatoru isə direktorun müavini Ayla Kərimova-Zəkəriyyədir.