Bu barədə Teleqra-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Kamran Əliyev ikitərəfli əməkdaşlığın inkişafında ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında keçirilmiş çoxsaylı görüşlərin və beynəlxalq tədbirlər çərçivəsində qurulan səmərəli dialoqun mühüm rol oynadığını vurğulayıb. O, ötən il Bakıda təşkil olunmuş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində keçirilmiş yüksək səviyyəli sessiya və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransında Türkiyə prokurorluğunun nümayəndə heyətinin iştirakını xüsusilə qeyd edib.
Səfir Birol Akgün görüşdə səmimi qəbula görə təşəkkürünü bildirərək, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin dövlət başçılarının apardıqları uğurlu siyasət nəticəsində ən yüksək səviyyəyə çatdığını və əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə həmçinin hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi və digər hüquqi əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.