ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan yanvarın 5-i və 6-da Hindistana səfər edəcək. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə bildirib.
“Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan yanvarın 5-i və 6-da Hindistanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval ilə görüşmək üçün Hindistanın Yeni Dehli şəhərinə gedəcək”, – Kirbi bildirib.
Onun sözlərinə görə, müzakirələr bir neçə məsələni əhatə edəcək – kosmos, müdafiə, strateji texnologiyalar sahəsində əməkdaşlıqdan tutmuş Hind-Sakit okean regionunda və ondan kənarda ümumi təhlükəsizlik prioritetlərinə qədər.
Kirbi bildirib ki, səfər zamanı Sallivanın Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar və digər siyasətçilərlə də görüşü gözlənilir. O, həmçinin Dehlidə Hindistan Texnologiya İnstitutuna baş çəkəcək, burada gənc hindistanlı sahibkarlarla görüşəcək və çıxış edəcək.
“Bu, Sullivanın prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi kimi Hind-Sakit okean regionuna sonuncu səfəri olacaq”, – Kirbi bildirib. (Tass)