Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində 4 kafedra (Ərəb filologiyası, Orta Şərq dilləri və ədəbiyyatı, Türk filologiyası, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedraları) və 1 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, fakültədə təhsil alan tələbələr müvafiq ölkələr üzrə kompleks sahələrlə tanış olur və biri əsas, digəri əlavə olmaqla minimum 2 Şərq dilinə yiyələnirlər. Fakültənin müxtəlif ixtisaslarından məzun olan tələbələr hər il öz sahələri üzrə təhsillərini ərəb ölkələrində, Türkiyə, İsrail, Pakistan, Yaponiya, Çin və Koreya universitetlərində davam etdirə bilirlər.
Şərqşünaslıq fakültəsində ixtisaslar 3 istiqaməti əhatə edir: Regionşünaslıq (Şərq ölkələri üzrə), Filologiya (Şərq dili və ədəbiyyatı) və Tərcümə (ərəb və fars dilləri üzrə).
“Regionşünaslıq” (ərəb ölkələri, İran, Türkiyə, İsrail, Pakistan, Yaponiya, Çin, Koreya üzrə) ixtisası üzrə universiteti bitirən məzunlar müvafiq olaraq dövlət qurumları, səfirliklər və beynəlxalq təşkilatlarda işləyə bilərlər.
“Filologiya” (ərəb, fars, türk dili və ədəbiyyatı üzrə) ixtisasını bitirən məzunlar həmin dillərin tədrisi ilə bağlı müəllim, tərcüməçi və müvafiq dövlət strukturlarında müxtəlif vəzifələrdə çalışa bilərlər.
“Tərcümə” (ərəb və fars dilləri üzrə) ixtisasını bitirən məzunlar əsasən tərcüməçi və ixtisaslaşdığı Şərq dili üzrə müvafiq dövlət strukturlarının xarici əlaqələr şöbəsində işləyə bilərlər.
Fakültədə tədris Azərbaycan və rus dillərində aparılır.