Birləşmiş Ərəb Əmirlikləri 2021-ci ildə ölkələr arasında imzalanmış müqaviləyə əsasən, Fransadan Rafale qırıcılarının ilk partiyasını alıb. Bu barədə BƏƏ Müdafiə Nazirliyi X-də məlumat verib.
Fransanın Dassault Aviation şirkətinin BƏƏ Hərbi Hava Qüvvələri üçün istehsal etdiyi ilk Rafale qırıcı təyyarəsi yanvarın 30-da Parisdə keçirilən mərasimdə təqdim edilib. Mərasimdə Fransa Silahlı Qüvvələri naziri Sebastien Lecornu və BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd bin Mübarək Fadhel Al Mazrouei iştirak ediblər. BƏƏ-nin müdafiə nazirliyinin bəyanatında deyilir ki, qırıcı təyyarələrin ilk partiyasının tədarükü Dassault Aviation şirkəti ilə ölkənin hava qüvvələrinin “qabiliyyətlərini artırmaq” üçün bağlanmış “tarixi müqavilənin” bir hissəsidir.
2021-ci ilin dekabrında BƏƏ və Fransa 16,6 milyard avro dəyərində 80 ədəd Rafale qırıcı təyyarəsinin tədarükü üçün müqavilə imzalayıblar. Saziş Fransa prezidenti Emmanuel Makronun Əbu-Dabiyə səfəri zamanı imzalanıb. Bu sövdələşmə Fransa hərbi təyyarələrinin xaricə tədarükü üçün bu günə qədər ən böyük müqavilədir. Dassault Aviation-ın digər əsas müştəriləri arasında müvafiq olaraq 54 və 36 qırıcı sifariş edən Misir və Qətər də var. (Tass)